MƏDƏNİYYƏT


Turizm tədricən bərpa olunur

Bakı, 11 iyun, AZƏRTAC

Son dövrlər dünya iqtisadiyyatının əsas inkişaf və gəlir istiqamətlərindən biri hesab olunan turizm, təəssüf ki, eyni zamanda dünya iqtisadiyyatının pandemiyadan ən çox zərər çəkən sahəsi oldu. Beynəlxalq sərhədlərin bağlanması turizm səfərlərinin tamamilə dayanmasına gətirib çıxartdı ki, bu da bütün dünyada olduğu kimi, Azərbaycanda da turizm sənayesinin fəaliyyətinə ciddi təsir göstərdi. Yalnız daxili turizmdə ötən il 3 milyona yaxın daxili turizm səfəri təxirə salındı.

Bu ilin yanvar ayının sonundan etibarən isə ölkəmizdə turizm sahəsində dirçəlmə müşahidə olunmağa başlandı. Nazirlər Kabinetinin 2021-ci il 16 yanvar tarixli “Xüsusi karantin rejiminin müddətinin uzadılması və sərtləşdirilmiş karantin rejimində tətbiq edilən bəzi məhdudiyyətlərin aradan qaldırılması barədə” qərarına əsasən şəhərlərarası və rayonlararası hərəkətin bərpa olunması daxili turizm xidmətlərindən istifadəyə birbaşa təsirini göstərdi. Bölgələrdə yerləşən hotellərə və istirahət mərkəzlərinə üz tutan vətəndaşların sayı artdı. Təkcə bu ilin mart ayı ilə ötən ilin mart ayının müqayisəsi daxili turist səfərlərinin sayının 21 faizdən daha çox olmasını deməyə əsas verir.

Bu barədə AZƏRTAC-a Dövlət Turizm Agentliyinin Media və ictimaiyyətlə əlaqələr sektorunun müdiri Kənan Quluzadə məlumat verib.

Onun sözlərinə görə, Nazirlər Kabinetinin 26 may 2021-ci il tarixli “Xüsusi karantin rejiminin müddətinin uzadılması və bəzi məhdudiyyətlərin aradan qaldırılması ilə bağlı tədbirlər barədə” qərarına əsasən isə 2021-ci il 31 may tarixindən ölkənin şəhər və rayonlarından yerüstü və hava nəqliyyatı ilə sərnişin daşımalarının bərpa olunması isə daxili turizmin yay mövsümündə daha da canlanmasına səbəb olacaq.

“Eyni zamanda, daxili turizmin təbliği üçün ötən ilin mart ayından etibarən başladılan “Macəra yaxındadır” kampaniyası davam etdirilir. Dövlət Turizm Agentliyinin dəstəyilə hazırlanan kampaniyanın əsas məqsədi ölkə əhalisinin daxili turizmin təqdim etdiyi imkanlardan faydalanmasına, daxili turistik xidmətlərin vahid bazada daha sərfəli və əlçatan şəkildə toplanmasına nail olmaqdır.

Daxili turizm səfərlərinin bərpası ilə turizm sənayesinin qarşısında duran əsas vəzifələrdən biri epidemioloji təhlükəsizliyin təmin edilməsi üçün qaydalara əməl olunmasıdır.

Bu qaydalara əməl olunmasına nəzarəti həyata keçirmək, hotellərdə pandemiya ilə əlaqədar müəyyən edilmiş məhdudiyyət və tələblərə riayət olunmasına, eləcə də Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 8 avqust 2020-ci il tarixli “Koronavirus (COVID-19) pandemiyası dövründə Azərbaycan Respublikasında mehmanxanaların fəaliyyətinin təşkili Qaydaları”nın təsdiq edilməsi barədə qərarından irəli gələn tapşırıqların icrasına nəzarət etmək üçün Dövlət Turizm Agentliyi digər dövlət qurumları ilə birlikdə ötən ilin avqustundan başlayaraq monitorinqlər həyata keçirir və mütəmadi olaraq turizm obyektlərində sanitariya və gigiyena qaydalarına əməl edilməsi səviyyəsi yoxlanılır”,-deyə Dövlət Turizm Agentliyinin Media və ictimaiyyətlə əlaqələr sektorunun müdiri vurğulayıb.

O bildirib ki, Nazirlər Kabinetinin “Koronavirus (COVID-19) pandemiyası dövründə Azərbaycan Respublikasında mehmanxanaların fəaliyyətinin təşkili Qaydaları”nda nəzərdə tutulmuş tələblərin icrası məqsədilə məlumat xarakterli və xəbərdaredici nəşrlər hazırlanaraq hotellərə paylanılıb:

“Belə ki, Dövlət Turizm Agentliyi tərəfindən keçən ildən etibarən “SAHMAN” (Sanitariya və Gigiyena Metodları və Normaları Proqramı) proqramı hazırlanıb. Proqramın əsas məqsədi turizm müəssisələrini, eləcə də turistləri məlumatlandırmaq və maarifləndirməklə respirator xəstəliklərin yayılmasının qarşısını almaq, təhlükəsiz mühiti təmin etməkdir.

Pandemiya beynəlxalq turizmin də sıfırlanmasına səbəb olsa da, məlumdur ki, postpandemiya dövrü üçün ölkələrarası rəqabət daha da yüksələcək və beynəlxalq turizm yeni şərtlər altında fəaliyyət göstərəcək. Bu səbəbdən Azərbaycanın turizm ölkəsi kimi rəqabətqabiliyyətliliyini artırmaq, təhlükəsiz turizm destinasiyası kimi tanıtmaq qarşıdakı əsas vəzifələrdəndir.

Bu baxımdan xarici bazarlarda marketinq və təbliğat tədbirləri davam etdirilir və artıq digər amillərlə yanaşı, ölkəmizin virus baxımından təhlükəsiz turizm destinasiyası olması da xüsusi vurğulanır.

Məlumdur ki, Nazirlər Kabineti yanında Operativ Qərargahın epidemioloji vəziyyəti sabit olan, müsbət dinamikanın müşahidə edildiyi bir sıra ölkələrin vətəndaşlarının ölkəmizin ərazisinə səfər edə bilməsi üçün xüsusi icazə tələbinin mərhələli şəkildə ləğv olunması barədə qərarına əsasən 10 iyun tarixindən etibarən Rusiya Federasiyası və Türkiyə Respublikasının vətəndaşları hava yolu ilə Azərbaycan ərazisinə müəyyən edilmiş şərtlərlə səfər etmələrinə icazə verildi. Bu kimi tədbirlər, həmçinin növbəti mərhələ üçün vaksinasiya prosesinin yüksək səviyyədə olduğu digər ölkələrlə də sərhədlərin ikitərəfli əsaslarla açılması xarici turizmin canlanmasına səbəb olacaq.

Əlbəttə, bütün bunların fonunda ölkə başçısının vətəndaşların sağlamlığını qorumaq üçün virusla mübarizədə nümayiş etdirdiyi qətiyyətli siyasət nəticəsində ölkəmizdə əldə olunan və hazırda nəzarətdə olan epidemioloji stabil vəziyyətə hər hansı bir təhlükənin yaranmaması qarşıdakı əsas məqsəddir”.

Qürurvericidir ki, Dövlət Turizm Agentliyinin bu ilki marketinq və təbliğat kampaniyalarında Qarabağın turizm bölgəsi kimi tanıdılması istiqaməti xüsusi yer tutacaq. Artıq ilkin olaraq may ayında Dubay şəhərində keçirilən “ATM 2021” (Arabian Travel Market 2021) beynəlxalq turizm sərgisində Qarabağın və Şuşanın turizm potensialını tanıdıb. Ali Baş Komandanın rəhbərliyi ilə rəşadətli Ordumuzun şanlı qələbəsi nəticəsində işğaldan azad edilən torpaqlarımızın çoxçeşidli turizm imkanlarının təbliğatı, turistlərin bölgəyə cəlb edilməsi üçün uzunmüddətli və dayanıqlı inkişaf strategiyasının hazırlanması istiqamətində Dövlət Turizm Agentliyi və digər dövlət qurumları tərəfindən işlər görülür.

Kənan Quluzadə deyib: “Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər” sənədinə əsasən “işğaldan azad olunmuş ərazilərə böyük qayıdış” prioritetinə uyğun tədbirlərin reallaşdırılması ilə Qarabağın turizm destinasiyası kimi inkişaf etdirilməsi vacib hədəflərdəndir”

Onun sözlərinə görə, beynəlxalq təşkilatların və ekspertlərin qiymətləndirməsinə əsasən turizm əvvəlki inkişaf tempinə tədricən 2023-cü ildən etibarən qayıda biləcək.

Turizm ölkəsi olaraq Azərbaycanın qarşısında duran əsas hədəf də 2023-cü ildə 2019-cu ilin rəqəmlərinə yaxın statistik göstəriciləri əldə edə bilməkdir.

Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın turizmə göstərdiyi xüsusi diqqət və qayğı nəticəsində son dövrlər turizm inkişaf etməkdə idi. 2019-cu ildə Azərbaycana gələn xarici ziyarətçilərin sayının 11.3 faiz artaraq 3.17 milyon nəfərə çatması dövlətin bu sahədə məqsədyönlü siyasətinin əsas göstəricisi oldu.

Bu günədək ölkə rəhbərliyinin turizmə xüsusi diqqəti və bu sahədə aparılan düşünülmüş və məqsədyönlü siyasətinin davam etdirilməsi postpandemiya dövrü üçün də turizmin sürətlə bərpasına nail olunacağını deməyə əsas verir”.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.