ELM VƏ TƏHSİL


Turizm və Menecment Universitetində beynəlxalq onlayn konfrans: İdarəetmədə multikultural dəyərlər

Bakı, 27 noyabr, AZƏRTAC

Azərbaycan Turizm və Menecment Universitetində (ATMU) “İdarəetmədə multikultural dəyərlər” mövzusunda beynəlxalq elmi-praktik konfrans keçirilib.

Universitetdən AZƏRTAC-a bildirilib ki, tədbirdə çıxış edən rektor İlham Mədətov müasir dövrdə multikulturalizm probleminin araşdırılmasının böyük elmi və praktiki əhəmiyyət daşıdığını bildirib. Qeyd edib ki, multikulturalizm qlobal dünyanın bütün çağırışlarına ən ideal cavabdır. Tolerant cəmiyyətin əsas xüsusiyyəti müxtəlif mədəniyyətlərin yanaşı mövcudluğudur. Belə cəmiyyətlərdə multikulturalizm mədəniyyətlərin qarşılıqlı zənginləşməsinə kömək edir, bu isə mədəniyyətlərin bir-birinə nüfuzetmə prosesi ilə əlaqəlidir.

Rektor vurğulayıb ki, Ermənistandan fərqli olaraq bu gün multikulturalizm Azərbaycanın dövlət siyasətinin əsas istiqamətlərindən biridir. Ölkəmizdəki bütün proseslər əsl multikulturalizm nümunəsidir. Çoxmillətli və çoxkonfessional Azərbaycan beynəlxalq aləmə uğurla inteqrasiya edir, mədəniyyətlər və dinlərarası dialoqa böyük əhəmiyyət verir. Monoetnik Ermənistandan fərqli olaraq Azərbaycan çoxmillətli dövlətdir və cəmiyyətin mədəni, etnik və dini rəngarəngliyi bizim böyük sərvətimizdir. İslamofobiyanı son həddə çatdıran Ermənistan işğal dövründə Azərbaycan ərazilərində bir sıra vandalizm aktları törədib. Ermənistanın işğalçı siyasəti nəticəsində xalqımıza məxsus çoxəsrlik qədim tarixi-mədəni abidələrimiz dağıdılıb, digər hissəsi isə erməniləşdirilib. Ermənilər tərəfindən ən çox dağıntılara və tələfata məruz qalan məscid, türbə və digər inanc yerləri olub. Sentyabrın 27-dən başlayan Vətən müharibəsi Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan xalqının qələbəsilə nəticələndi. Rəşadətli ordumuzun uğurlu əks-hücum əməliyyatları nəticəsində düşmən məğlub edildi, Azərbaycanın ərazi bütövlüyü təmin olundu.

İ.Mədətov diqqətə çatdırıb ki, dünyanın bir çox ali təhsil müəssisəsində “Azərbaycanın multikulturalizm modeli” fənn kimi tədris planlarına daxil edilib. Həmçinin Azərbaycanın ali təhsil müəssisələrində multikulturalizm fənn kimi tədris edilir.

Tədbirdə ATMU-nun elm və inkişaf məsələləri üzrə prorektoru, professor İranə Əliyeva “Turizm və müasir dünya” mövzusunda məruzə edib. Bildirilib ki, beynəlxalq aləmə uğurla inteqrasiya edən Azərbaycan digər sahələrdə olduğu kimi turizm sektorunu da dünya miqyasında aparıcı mövqelərdə dayanmağı hədəf qoyub.

“Ali təhsilin idarə edilməsi” mövzusunda çıxış edən universitetin Elm və innovasiya şöbəsinin müdiri, dosent Nəsirulla Nəsirli müvafiq sahəyə dair təklif və tövsiyələrini bildirib.

Daha sonra Bolqarıstanın Paisii Xilendarski adına Plovdiv Universitetinin dosenti Valentin Pavlov Petrusenko “Bolqarıstanda mədəniyyətlərarası və dinlərarası əhəmiyyətə malik turizm məkanları”, Rusiyanın Tomsk Dövlət Universitetinin professoru Anna Lojnikova “Müasir iqtisadiyyatda intellektual yoxsa insan kapitalı?”, Povoljsk Dövlət Texnologiya Universitetinin dosenti Svetlana Vasina “Rusiyada turizm - koronavirus pandemiyası zamanı problemlər və dəstək tədbirləri” mövzularında çıxış ediblər.

Konfrans işini dörd bölmə üzrə davam etdirib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.