ELM VƏ TƏHSİL
Turizm və Menecment Universitetində maarifləndirmə tədbiri: Qida təhlükəsizliyi
Bakı, 21 may, AZƏRTAC
Azərbaycan Turizm və Menecment Universitetində (ATMU) “Qida təhlükəsizliyi” mövzusunda interaktiv maarifləndirmə tədbiri keçirilib.
ATMU-dan AZƏRTAC-a bildirilib ki, tədbir karyera və kommunikasiya şöbəsinin təşkilatçılığı, Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin təşəbbüsü ilə reallaşdırılıb. Tədbirdə Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları Eldəniz Əkbərov, Cavid Qurbanzadə və Aynurə Qurbanzadə beynəlxalq qida təhlükəsizliyinin idarəetmə sistemləri, qida məhsullarının keyfiyyəti və təhlükəsizliyi, qida zənciri (ilkin istehsal, istehsal, emal, qablaşdırma, saxlanma, daşınma), qida məhsullarında təhlükəli amillər (bioloji, kimyəvi, fiziki) və standartlar, istehlakçıların hüquqları barədə təqdimatlarla çıxış ediblər.
İnteraktiv maarifləndirmə tədbirində universitetin qida məhsulları mühəndisliyi ixtisasında təhsil alan tələbələri iştirak ediblər.