ELM VƏ TƏHSİL
Turizm və Menecment Universitetində narkomaniya və tütünə qarşı mübarizə ilə bağlı maarifləndirmə mövzusunda təlim
Bakı, 1 mart, AZƏRTAC
Azərbaycan Turizm və Menecment Universitetində “Gənclər arasında narkomaniya və tütünə qarşı mübarizə ilə bağlı maarifləndirmə” mövzusunda təlim keçirilib.
Bu barədə AZƏRTAC-a universitetdən məlumat verilib. Bildirilib ki, Gənc Vətənpərvərlər İctimai Birliyinin sədri Muğan Əliyev layihənin məqsədi, narkomaniya və pis vərdişlərin fəsadları, narkomaniya və tütünə qarşı mübarizə sahəsində maarifləndirmə işinin təşkili, sağlam həyat tərzi, bu sahədə informasiya qıtlığının aradan qaldırılması və vətənpərvərlik ruhunun təşviqi və digər məsələlərdən söz açıb. Maarifləndirmə təlimlərinin təşkil olunmasının məqsədəuyğunluğu diqqətə çatdırılıb.
Beynəlxalq ekspert və təlimçi Məhsəti Hüseynova sağlam həyat tərzi, sağlam qidalanma, siqaret və alkoqolizm kimi pis vərdişlərin yaratdığı fizioloji və psixoloji fəsadlardan bəhs edib, tələbələrin mövzu ilə bağlı suallarını cavablandırıb.
Təlimdə fəal iştirak edən tələbələrə sertifikat və maarifləndirici bukletlər verilib.