ELM VƏ TƏHSİL
Turizm və Menecment Universitetində tədbir: İstiqlaldan hürriyyətə
Bakı, 18 oktyabr, AZƏRTAC
Azərbaycan Turizm və Menecment Universitetində (ATMU) Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpasının 28-ci ildönümü və Əhməd bəy Ağaoğlunun 150 illiyi münasibətilə tədbir keçirilib.
Universitetdən AZƏRTAC-a bildirilib ki, tədbirdə çıxış edən ATMU-nun rektoru İlham Mədətov Dövlət Müstəqilliyi Gününün tarixi əhəmiyyətindən söz açıb. Bildirib ki, müstəqilliyi qoruyub saxlamaq onu qazanmaqdan qat-qat çətindir. Azərbaycan bir əsrdə iki dəfə müstəqil, suveren dövlətini yaratmaq imkanına sahiblənib. 1918-ci ildə qurulan Azərbaycan Xalq Cümhuriyyəti cəmi 23 ay yaşayıb. Azərbaycan üçün yenidən müstəqil ölkə olmaq imkanı 70 ildən sonra yarandı. Belə ki, 1991-ci il oktyabrın 18-də Azərbaycan Respublikası Ali Sovetinin sessiyasında “Azərbaycanın dövlət müstəqilliyi haqqında Konstitusiya Aktı” qəbul olunub. Bu mühüm tarixi sənədlə xalqımız uzun illərdən bəri həsrətində olduğu azadlığına qovuşdu.
Rektor ölkəmizin tarixi taleyində ən şərəfli günlərdən biri olan sentyabrın 18-ni və ondan sonrakı dövrləri detallarla şərh edib. Bildirib ki, Azərbaycan Respublikasını müstəqil dövlət kimi ilk olaraq Türkiyə Cümhuriyyəti, sonra isə Rumıniya, Pakistan, İsveçrə, İran, ABŞ, Rusiya və digər dövlətlər tanıyıb. Ölkəmiz 1992-ci ildə BMT-yə üzv qəbul olunmaqla beynəlxalq aləmdə tanınıb.
Universitetin professoru Məhərrəm Zülfüqarlı “Azərbaycanın görkəmli ictimai-siyasi xadimi Əhməd bəy Ağaoğlunun istiqlal və hürriyyət uğrunda mübarizəsi” mövzusunda məruzə edib. Diqqətə çatdırıb ki, Şuşada zadəgan ailəsində doğulan Əhməd bəy ərəb, fars, rus, yunan, latın, ingilis, alman, fransız dillərini mükəmməl bilirdi. Avropada islamşünas alim kimi tanınan Əhməd bəy Ağaoğlu London konqresində “Şiə məzhəbinin mənbələri” mövzusunda məruzə ilə çıxış edib. O, 1898-ci ildə xeyriyyəçi Hacı Zeynalabdin Tağıyevin maliyyə vəsaiti ilə çap olunan “Kaspi” (Əlimərdan bəy Topçubaşovla birlikdə), 1905-ci ildə “Həyat” (Əli bəy Hüseynzadə ilə birlikdə), sonralar “İrşad” və 1908-ci ilin iyulundan milyonçu Murtuza Muxtarovun vəsaiti ilə işıq üzü görən “Tərəqqi” qəzetlərinin redaktoru olub.
Məruzəçi bildirib ki, Əhməd bəy Ağaoğlu Azərbaycan parlamenti sədrinin müavini kimi 1919-cu ildə Versal Sülh Konfransına qatılmaq üçün Parisə ezam olunub, lakin “gənc türklər” təşkilatının üzvü kimi yolda həbs edilərək Malta adasına sürgünə göndərilib. Ankara Universitetinin professoru olan Əhməd bəy Ağaoğlu sürgün həyatından sonra elmi-siyasi, ədəbi-bədii və tarixi mövzularda əsərlər qələmə alıb.
ATMU-nun İctimai fənlər kafedrasının müəllimi Bünyamin Qənbərov, tələbə Əlisa Muradov və digər çıxış edənlər Dövlət Müstəqilliyi Günü ilə bağlı fikirlərini bölüşüblər. ATMU-nun ali təhsil müəssisəsi olaraq hər zaman müstəqilliyimizin möhkəmlənməsinə töhfə verəcəyini qeyd ediblər.