ELM VƏ TƏHSİL
Turizm və Menecment Universitetində uğurlu CV-nin hazırlanması qaydaları barədə təlim təşkil edilib

Bakı, 22 aprel, AZƏRTAC
Azərbaycan Turizm və Menecment Universitetində (ATMU) “İş dünyasının açarı-uğurlu CV-ni necə hazırlamalı?” mövzusunda onlayn təlim keçirilib.
Bu barədə AZƏRTAC-a ATMU-dan məlumat verilib. Bildirilib ki, tədbirdə Azərbaycan Turizm Bürosunun İnsan resursları sektorunun meneceri, insan resursları və təlim sahəsində geniş fəaliyyəti ilə fərqlənən Ülviyyə Qasımzadə uğurlu CV yazılmasının qaydaları, CV-lərdə vacib və qeyri-vacib məqamlar, dizayn və s. məsələlərə aydınlıq gətirib. Tanınmış ekspert mükəmməl və müasir formatda tərtib edilən CV-nin işə qəbul şansının və məşğulluq probleminin müsbət həllində başlıca amil kimi dəyərləndirib, tələbələrin suallarını cavablandırıb.
ATMU-nun Karyera və kommunikasiya şöbəsinin təşkilatçılığı ilə keçirilən təlimdə tələbə və məzunlar iştirak ediblər.