ELM VƏ TƏHSİL
Turizm və Menecment Universitetinin əməkdaşı “EQAC” layihəsi çərçivəsində keçirilən virtual görüşə qatılıb
Bakı, 1 may, AZƏRTAC
Yeni növ koronavirus (COVID-19) pandemiyası dövründə təhsil müəssisələrinin fəaliyyətinin dayandırılmasına baxmayaraq, ali təhsil ocaqlarının dayanıqlı fəaliyyətinin təmin edilməsi məqsədilə birgə səylər elektron qaydada davam etdirilir.
Avropa İttifaqı tərəfindən maliyyələşdirilən “Erasmus+” proqramının “Azərbaycan universitetlərində keyfiyyətə nəzarət mərkəzlərinin yaradılması və inkişaf etdirilməsi, “EQAC” layihəsi çərçivəsində virtual görüş keçirilib, müzakirələr aparılıb.
Azərbaycan Turizm və Menecment Universitetindən AZƏRTAC-a bildirilib ki, Elm və innovasiya şöbəsinin Elmi innovasiyalar bölməsinin rəhbəri, “EQAC” layihəsi üzrə menecer Faina Qaçabəyova sözügedən virtual görüşə qatılıb.
Onlayn görüşdə layihə tərəfdaşlarından Azərbaycan üzrə 11 universitetin nümayəndəsi və İsveç Kral Texnologiya İnstitutu, İngiltərənin Middlesex Universiteti, İspaniyanın Alikante Universitetinin ekspertlərinin iştirakı ilə pilot proqrama dair hesabatın hazırlanması, layihənin plana uyğun olaraq gerçəkləşdirilməsi, gələcək fəaliyyət istiqamətləri və gündəlik məsələlər müzakirə edilib.