ELM VƏ TƏHSİL
Turizm və Menecment Universitetinin nümayəndələri Bolqarıstanda səfərdə olublar
Bakı, 5 noyabr, AZƏRTAC
Azərbaycan Turizm və Menecment Universitetinin (ATMU) tədris işləri üzrə prorektoru İranə Əliyeva və tədris-metodiki şöbənin müdiri Nərminə Abdullayeva Bolqarıstanda səfərdə olublar.
ATMU-dan AZƏRTAC-a bildiriblər ki, səfərin məqsədi universitet tələbələri üçün nəzərdə tutulan 22 həftəlik istehsalat təcrübəsinin təşkilinə və keçirilməsinə dair müzakirələr aparmaq, həmçinin sənaye müəssisələrində mövcud şərait, tələb və şərtlərlə tanışlıqdır.
Səfərin ilk günü Azərbaycanın Bolqarıstandakı səfiri Nərgiz Qurbanova ilə görüşdə Beynəlxalq Biznes Məktəbi ilə əlaqələrin qurulması, ATMU-nun tələbələrinin peşəkarlıq vərdişlərinin artırılması üçün təcrübə semestrinin təşkili məsələləri ətraflı müzakirə olunub.
Bolqarıstan Məşğulluq Agentliyinin nümayəndələri ilə görüşdə isə tələbələrin təcrübəkeçmə müddəti və işlə təminolunma məsələlərinin hüquqi baxımından tənzimlənməsi amilinə münasibət bildirilib.
Səfər çərçivəsində Bolqarıstanın Varna şəhərində Azərbaycanın bu ölkədəki səfirliyi tərəfindən keçirilən Turizm sərgisinə qatılan ATMU-nun nümayəndələri “Albena” kurort zonasındakı obyektlərlə tanış olub, bir sıra otel komplekslərinin rəhbərləri ilə danışıqlar aparıblar.