ELM VƏ TƏHSİL
Turizm və Menecment Universitetinin rektoru beynəlxalq konfransda iştirak edib
Bakı, 30 aprel, AZƏRTAC
Azərbaycan Turizm və Menecment Universitetinin (ATMU) rektoru İlham Mədətov və universitetin müvafiq strukturunun əməkdaşları Lüsern Dünya Turizm Forumunun təşkilatçılığı ilə İsveçrə Krallığında “Gələcəyə doğru” mövzusunda keçirilən beynəlxalq onlayn tədbirdə iştirak ediblər.
Bu barədə AZƏRTAC-a ATMU-dan məlumat verilib. Bildirilib ki, beynəlxalq tədbirin təşkilini şərtləndirən başlıca səbəblər sırasına mövcud pandemiya şəraitində dünya iqtisadiyyatı, turizm sənayesinin qarşılaşdığı problemlər, qlobal pandemiyanın dünya turizm sektoruna mənfi təsiri, eyni zamanda, postpandemiya dövründə turizm təmayüllü sahələrin yenidən dirçəldilməsi və perspektiv sayılan istiqamətlərin müzakirəsi daxil idi. Tədbirdə Forumun rəhbəri Martin Bath mövcud vəziyyət və postpandemiya dövründə turizm sənayesinin dirçəldilməsindən danışıb.
İsveçrə Konfederasiyasının turizm və iqtisadiyyat naziri isə çıxışında postpandemiya dövründə ölkə iqtisadiyyatının və turizm sənayesinin yeni inkişaf modellərinə diqqət verməyi tövsiyə edib. Tədbirdə qlobal pandemiya dövründə yaranan maliyyə problemləri, turizm iqtisadiyyatı, turizm sahəsində təhsil və sair önəmli mövzular əsasında fərqli dinləmələr həyata keçirilib.
Beynəlxalq onlayn forumda müxtəlif ölkələrin turizm və iqtisadiyyat sahələrini təmsil edən müəssisə və şirkətlərin məsul nümayəndələri də iştirak ediblər.