ELM VƏ TƏHSİL
Turizm və Menecment Universitetinin tələbələri insan alveri ilə mübarizə üsulları barədə məlumatlandırılıb
Bakı, 6 oktyabr, AZƏRTAC
Azərbaycan Turizm və Menecment Universitetində (ATMU) növbəti maarifləndirmə tədbiri təşkil olunub.
ATMU-dan AZƏRTAC-a bildirilib ki, tədbirdə Polisə Dəstək İctimai Birliyinin sədri Şəmsəddin Əliyev rəhbəri olduğu “İnsan alverinə yol verməyək. İnsan alveri ilə mübarizədə ictimai fəallığın artırılması” layihəsinin mahiyyətindən danışıb. O, potensial insan alveri qurbanları, profilaktik tədbirlər və s. məsələlərin tələbələrə, gənc qızlara, pedaqoqlara detallı faktlarla çatdırılması amilinin vacibliyini xüsusi qeyd edib.
Universitetin insan hüquqları üzrə eksperti Aydın Kərimov bütün zamanlarda aktuallığını saxlayan, cəmiyyət həyatını narahat edən, insan alveri ilə mübarizədə hər bir şəxsin məsuliyyətini şərtləndirən cəhətlərə mütəxəssis mövqeyindən münasibət bildirib.
Gündəmdəki məsələni hüquqi müstəvidə şərh edən Aydın Kərimov və Polisə Dəstək İctimai Birliyinin sədr müavini Leyli Quliyeva tələbələrin suallarını konkret faktlarla cavablandırıblar.
Maarifləndirmə təlimində fəal tələbələrə bukletlər və informasiya materialları təqdim olunub.