ELM VƏ TƏHSİL
Turizm və Menecment Universitetinin tələbələri “sabre” sistemi barədə məlumatlandırılıblar
Bakı, 18 mart, AZƏRTAC
“Sabre Azərbaycan” şirkətinin Bakıdakı ofisinin direktoru Qabil Allahverdiyev, bu qurumun baş meneceri Zaur Ələsgərov, biznes inkişafı üzrə direktoru Natiq Nəbiyev Azərbaycan Turizm və Menecment Universitetinin tələbələrinə təlimlər keçiblər.
Universitetdən AZƏRTAC-a bildiriblər ki, ATMU-da iki gün davam edən təlim zamanı tələbələrə “sabre” sistemindən faydalanmağın başlıca üstünlükləri barədə məlumat verilib.
Qonaqlara ATMU-nun kollektivi adından minnətdarlığını bildirən universitetin turizm və qonaqpərvərlik fakültəsi dekanının müavini Flora Ələsgərova təlimin turizm və otelçilik ixtisası üzrə təhsil alan tələbələr üçün əhəmiyyətli olduğunu deyib.
Vurğulanıb ki, “Sabre Azərbaycan” şirkəti Bakıda 2014-cü ildən peşəkar işçi heyəti ilə fəaliyyət göstərir. Ölkəmizdə turizm sənayesinin əhəmiyyətli iştirakçısına çevrilən “Sabre” şirkəti Silk Way Travel, Sindbad Travel, Carlton Travel Assistance, Spektr Travel, Europe Travel Assistance, Gilan Tourism, Globus Travel, Rayda Travel, GTN Tours və digər qabaqcıl turizm şirkətlərinə yüksək xidmət mədəniyyəti sayəsində qısa zamanda müştəri məmnuniyyəti qazana bilib. Qlobal səyahət və turizm sahəsində qabaqcıl texnologiya təminatçısı kimi tanınan, baş ofisi ABŞ-ın Texas ştatının Sauzleyk şəhərində yerləşən “Sabre” şirkəti dünyanın təxminən 60 ölkəsində fəaliyyət göstərir.