ELM VƏ TƏHSİL
Turizm və Sosial Xidmətlər üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi əməkdaşlıq əlaqələrini genişləndirir
Bakı, 27 yanvar, AZƏRTAC
Turizm və Sosial Xidmətlər üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi ilə “İBİS BAKU CİTY HOTEL” arasında əməkdaşlıq memorandumu imzalanıb.
Bu barədə AZƏRTAC-a mərkəzdən məlumat verilib. Bildirilib ki, əməkdaşlıq çərçivəsində mərkəzdə təhsil alanların bilik və bacarıqlarının daim artırılması məqsədilə razılaşdırılmış ixtisaslar üzrə kadr hazırlığı aparılacaq. Gələcək kadr ehtiyaclarının ödənilməsi istiqamətində birgə fəaliyyət göstəriləcək. İşəgötürənin peşəkar mütəxəssislərinin peşə təhsili mərkəzinin tədris və təlim prosesinə cəlb olunması təmin ediləcək.
Tərəflər arasında müəyyənləşdirilmiş qaydalara uyğun olaraq, təhsilalanların işəgötürənin bazasında istehsalat təlimi və təcrübə keçmələrinə şərait yaradılacaq. Müvafiq istiqamətlər üzrə təhsilalanların bilik və bacarıqlarının qiymətləndirilməsində işəgötürən iştirak edəcək.
Qeyd olunan əməkdaşlıq çərçivəsində aşpaz, mehmanxana inzibatçısı, qənnadçı-şirniyyatçı ixtisasları üzrə təhsil alan tələbələrin praktiki təlimlərinin təşkili məqsədilə tələbələrlə hotel nümayəndələrinin görüşü təşkil olunub. Uyğun ixtisaslar üzrə tələbələrin təlim və təcrübə proqramına cəlb edilməsinin seçim mərhələsi yekunlaşıb.