ELM VƏ TƏHSİL
“Turizm və qonaqpərvərlik tədqiqatları” beynəlxalq jurnalının üçüncü nömrəsi çapdan çıxıb
Bakı, 3 dekabr, AZƏRTAC
Azərbaycan Turizm və Menecment Universitetinin (ATMU) əsas elmi nəşri olan “Turizm və qonaqpərvərlik tədqiqatları” beynəlxalq jurnalının üçüncü nömrəsi çapdan çıxıb.
ATMU-dan AZƏRTAC-a bildiriblər ki, jurnalda sağlamlıq sahəsinə investisiya qoyuluşlarının təhlili, ölkə mehmanxanalarında işçilərin mədəniyyət fərqlərinin yaratdığı konfliktlər, iqtisadiyyata xarici investisiyaların cəlb edilməsində azad iqtisadi zonaların rolunun təhlili və qiymətləndirilməsi, UNESCO abidələrinin tanıdılmasında inteqrasiya olunmuş marketinq kommunikasiyaları modelinin qurulmasına dair məqalələr yer alıb. Məqalələrdə XX əsrin sonlarında beynəlxalq münasibətlərin əsas istiqamətləri, XX əsrin birinci rübündə Böyük Britaniyanın Cənubi Qafqazda ticari-iqtisadi və siyasi maraqları, mədəniyyətlərarası kommunikasiya müasir cəmiyyətin əsas elementi kimi araşdırılıb və tədqiqatın nəticələri təhlil edilib.
Jurnalın elektron versiyası ilə universitetin Kitabxana İnformasiya Mərkəzində və rəsmi saytında tanış olmaq mümkündür.