SİYASƏT
TürkPA-nın iclasında enerji sektorunun inkişafında əməkdaşlıq məsələləri diqqət mərkəzində olub VİDEO
Türkdilli Ölkələrin Parlament Assambleyasının (TürkPA) iqtisadiyyat, ticarət və maliyyə komissiyasının Qazaxıstanın paytaxtı Astanada keçirilən 4-cü iclasında enerji sektorunun inkişafında əməkdaşlıq məsələləri müzakirə olunub.
Azərbaycan, Qazaxıstan, Qırğızıstan və Türkiyə parlamentlərinin üzvlərinin iştirak etdikləri toplantıda ölkəmizi Milli Məclisin deputatı İlham Əliyev təmsil edib.
Qazaxıstan parlamentinin nümayəndəsi Maulen Aşımbayev deyib ki, quruma üzv ölkələr iqtisadi və enerji potensialına görə xeyli fərqlənirlər. Bu baxımdan da enerji bazarının sabitliyi baxımından eyni mövqeləri bölüşürlər. Ənənəvi enerji resurslarının ən azı ortamüddətli perspektivdə üstün rol oynayacağı gözlənildiyi üçün bu sahədə əməkdaşlıq öz əhəmiyyətini itirməyəcək.
Çıxışlarda vurğulanıb ki, dünyada, eləcə də TürkPA-nın üzvü olan ölkələrdə alternativ enerjinin canlı və sürətli inkişafı gözlənilir. Bu baxımdan üzv ölkələr arasında alternativ enerji mənbələrinin inkişafına həsr olunan praktiki əməkdaşlıq vacibdir.
Milli Məclisin deputatı İlham Əliyev çıxışında komissiyanın fevral ayında Bakıda keçirilən iclasında müzakirə olunan məsələləri, eləcə də iqtisadi əməkdaşlıq sahəsində nəqliyyat kommunikasiyalarının rolu ilə bağlı qəbul olunan tövsiyə qərarını xatırladıb. Bildirib ki, türkdilli ölkələr enerji resurslarının təhlükəsiz daşınması da daxil olmaqla regionda milli təhlükəsizlik kontekstində bütün nəqliyyat növlərinin təhlükəsizliyi üzrə koordinasiya fəaliyyətini dəstəkləyir.
Toplantının sonunda müzakirə olunan məsələ ilə bağlı tövsiyə xarakterli qərar qəbul edilib. Qərarda göstərilir ki, TürkPA quruma üzv ölkələrin parlamentlərinə və hökumətlərinə enerji qənaəti üzrə uzunmüddətli hədəflər müəyyənləşdirməyi və müasir texnologiyanın səmərəli təqdimatını həyata keçirməyi təklif edir.
Qərarda ətraf mühit, regional və qlobal enerji təhlükəsizliyinin təmin edilməsinin və digər sahələrdə əməkdaşlığın gücləndirilməsinin vacibliyi vurğulanır. Birgə əməkdaşlıq çərçivəsində müştərək layihələrin hazırlanmasının, bilik və təcrübə mübadiləsinin təşkilinin, bərpa olunan enerji mənbəyi üçün infrastruktur və avadanlıqların birgə istehsalının əhəmiyyəti qeyd olunur.
İlahə Əhmədova
AZƏRTAC-ın xüsusi müxbiri
Astana