CƏMİYYƏT
TürkPA-nın nümayəndə heyəti ümummilli lider Heydər Əliyevin məzarını və Şəhidlər xiyabanını ziyarət edib
Bakı, 1 noyabr, AZƏRTAC
Azərbaycanda səfərdə olan Türkdilli Ölkələrin Parlament Assambleyasının (TürkPA) nümayəndə heyəti noyabrın 1-də Fəxri xiyabanda xalqımızın ümummilli lideri, müasir müstəqil dövlətimizin memarı və qurucusu Heydər Əliyevin xatirəsini yad edib, məzarı önünə gül dəstələri qoyub.
AZƏRTAC xəbər verir ki, sonra Şəhidlər xiyabanına gedən qonaqlar ölkəmizin azadlığı və ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçmiş qəhrəman Vətən övladlarının xatirəsini yad edib, məzarları üzərinə tər güllər düzüblər.
Bakının ən hündür nöqtəsindən Azərbaycan paytaxtının mənzərəsini seyr edən nümayəndə heyətinin üzvlərinə Şəhidlər xiyabanının tarixi və paytaxtımızda aparılan abadlıq-quruculuq işləri barədə məlumat verilib.
Qonaqlar, həmçinin Şəhidlər xiyabanında qəhrəman türk əsgərlərinin xatirəsinə ucaldılmış abidəni ziyarət edərək önünə gül dəstələri qoyublar.