DÜNYA


“TurkStream”in ikinci xəttində boruların 435 kilometri döşənib

Bakı, 8 avqust, AZƏRTAC

“Türk axını” qaz boru kəmərinin (“TurkStream”) Avropaya qaz nəql edəcək ikinci xəttində boruların 435 kilometri döşənib.

AZƏRTAC xarici KİV-lərə istinadla xəbər verir ki, bu barədə “TürkAkım” şirkətinin sözçüsü Aslı Esen deyib. O bildirib ki, illik nəqletmə gücü 31,5 milyard kubmetr olan “TurkStream” layihəsi iki dəniz boru xəttindən ibarətdir və hər xəttin uzunluğu 930 kilometrdir. “Pioneering Spirit” gəmisi Avropaya qaz nəqlini nəzərdə tutan ikinci xəttində boruların 435 kilometrini döşəyib. İki xətt üzrə ümumilikdə 1369 kilometr boru döşənib.

Qeyd edək ki, Rusiya qazını Türkiyəyə və Avropaya çatdıracaq “TurkStream”in əsas rezervini Yeni Urenqoyda çıxarılan təbii qaz təşkil edəcək. “TurkStream”in ilk xəttinin Türkiyənin təbii qaza olan hazırkı tələbatının təxminən 35 faizini ödəyə biləcək. Boru kəmərinin ikinci xəttinin Türkiyə sularında inşası üçün bütün lazımi icazələr alınıb. Türkiyə “TurkStream”in dəniz hissəsini tikən şirkətdən vergi almayacaq.

Türkiyədəki təbii qaz qəbulu terminal İstanbulun təxminən 100 kilometr qərbində yerləşən Kıyıköy bölgəsində tikilir. Buraya gələn qaz Türkiyənin “Botaş” şirkəti tərəfindən inşa ediləcək xətt ilə Lüleburqazdan beynəlxalq qaz şəbəkəsinə veriləcək.

“TurkStream” layihəsi üzrə ikinci xətlə təbii qazın Türkiyə-Yunanıstan sərhədində, İpsala yaxınlarında Avropaya göndərilməsi planlaşdırılır. Lakin bu marşrut hələ ki müzakirə edilir, təbii qazı alacaq və daşıyacaq ölkələrlə danışıqlar aparılır.

Yeni Urenqoyda 12 trilyon kubmetrlik təbii qaz ehtiyatı “Gazprom”un yataqlarındakı ümumi ehtiyatların 70 faizini təşkil edir. “Gazprom” cari ildə “Türk axını” layihəsinə 3,2 milyard dollar vəsait sərf edəcək. Boru kəməri iki xətdən ibarət olacaq və hər biri 15,75 milyard kubmetr təbii qaz daşıyacaq. “TurkStream” boru kəməri ilə Rusiya təbii qazının Türkiyəyə və Avropaya nəqli planlaşdırılır. Layihə Qara dəniz üzərindən Türkiyənin Avropa hissəsinədək və daha sonra Yunanıstan sərhədinədək qaz boru kəmərinin tikintisini nəzərdə tutur. Kəmərin dəniz hissəsinin uzunluğu 930 kilometrə yaxın, quru hissəsi isə Türkiyə ərazisi üzrə 180 kilometrdir. Boru kəmərinin birinci xətti Türkiyə bazarı, ikincisi Cənubi və Cənub-Şərqi Avropa ölkələri üçün nəzərdə tutulur. Layihənin dəyəri 7 milyard ABŞ dolları qiymətləndirilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.