SİYASƏT


Türk Dövlətləri Təşkilatının əsasının qoyulmasından 13 il ötür

İstanbul, 3 oktyabr, AZƏRTAC

Türk Dövlətləri Təşkilatının (TDT) əsasının qoyulmasından 13 il ötür.

AZƏRTAC xəbər verir ki, TDT 2009-cu il oktyabrın 3-də Naxçıvanda imzalanan Naxçıvan Sazişi ilə Azərbaycan, Türkiyə, Qazaxıstan və Qırğızıstan arasında yaradılan beynəlxalq təşkilatdır. Qurumun əsası 1992-ci ildə ilk dəfə Ankarada keçirilən Türkdilli Dövlətlərin Dövlət Başçılarının Zirvə Toplantıları ilə qoyulub. Sonralar Naxçıvan Sazişi ilə təşkilata çevrilib. Əvvəllər Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası və ya qısaca “Türk Şurası” kimi tanınan təşkilatın adı 2021-ci il noyabrın 12-də İstanbulda keçirilən Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının VIII Zirvə Görüşü zamanı dəyişdirilərək Türk Dövlətləri Təşkilatı olub. Təşkilatın məqsədi türk dövlətləri arasında əhatəli və çoxtərəfli əməkdaşlığı inkişaf etdirməkdir.

Hazırda TDT-yə üzv ölkələr arasında Azərbaycan, Türkiyə, Qazaxıstan, Qırğızıstan və Özbəkistan yer alır. Macarıstan və Türkmənistan isə müşahidəçi dövlətlərdir.

Təşkilatın rəsmi bayrağı 2012-ci il avqustun 22-də Bişkekdə keçirilən Türk Şurasının Xarici İşlər Nazirlərinin II toplantısında qəbul edilib. Bu bayraqda Özbəkistan istisna olmaqla üzv dövlətlərin rəmzləri yer alır. Belə ki, bayrağın rəngi Qazaxıstan bayrağından, ortadakı günəş Qırğızıstan bayrağından, aypara Türkiyə və Azərbaycan bayraqlarından, səkkizguşəli ulduzu isə Azərbaycan bayrağından götürür.

İlk baş ofisi İstanbulun Beşiktaş səmtində yerləşən təşkilat adı dəyişdirildikdən sonra şəhərin Fatih rayonundakı Arif Paşa Köşkünə köçürülüb. Qurumun yeni binası Azərbaycan, Türkiyə, Qazaxıstan, Qırğızıstan, Türkmənistan, Özbəkistan prezidentlərinin, eləcə də TDT-nin Baş katibi Bağdad Amreyevin iştirakı ilə bayraq qaldırma mərasimi ilə istifadəyə verilib.

 
Günel Məlikova
AZƏRTAC-ın xüsusi müxbiri

İstanbul

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.