Türk Dövlətlərinin Ombudsmanlar və Milli İnsan Hüquqları İnstitutları Assosiasiyası yaradılıb
AzerTAg.az
İstanbul, 13 may, AZƏRTAC
Türk dünyasının 2022-ci üzrə mədəniyyət paytaxtı elan edilmiş Bursa şəhərində Türk Dövlətlərinin Ombudsmanlar və Milli İnsan Hüquqları İnstitutları Assosiasiyası yaradılıb.
AZƏRTAC xəbər verir ki, Azərbaycan Respublikasının insan hüquqları üzrə müvəkkili (ombudsman) Səbinə Əliyeva Türk Dövlətlərinin Ombudsmanlar və Milli İnsan Hüquqları İnstitutları Assosiasiyasının yaradılması ilə bağlı Anlaşma Memorandumunun imzalanma mərasimində iştirak etmək məqsədilə Türkiyədə rəsmi səfərdədir.
Anlaşma Memorandumu Azərbaycan, Türkiyə, Qazaxıstan, Özbəkistan, Qırğızıstan respublikalarının ombudsmanları və milli insan hüquqları institutlarının rəhbərləri tərəfindən imzalanıb.
İmzalanma mərasimindən sonra mediaya açıqlama verən S.Əliyeva memorandumun insan hüquq və azadlıqlarının səmərəli müdafiəsinin təmini sahəsində əməkdaşlığın gücləndirilməsinə, bununla bağlı bilik və təcrübə mübadiləsinin artırılmasına mühüm töhfə verəcəyini bildirib.
Qeyd olunub ki, Türkdilli ölkələrin ombudsman və milli insan hüquqları institutları arasında aparılmış müzakirələrdən sonra yaradılan bu birlik, eyni zamanda, regionda sülhün və əmin-amanlığın qorunmasında da mühüm rol oynayacaq.
S.Əliyeva sözügedən Assosiasiyanın fəaliyyəti çərçivəsində Azərbaycan Ombudsman təsisatının insan hüquqlarının müdafiəsi sahəsində təcrübəsini digər üzv qurumlarla bölüşməyə hazır olduğunu və bu istiqamətdə birgə maarifləndirmə tədbirlərinin keçirilməsinin faydalı olacağını bildirib.
Günel Məlikova
AZƏRTAC-ın xüsusi müxbiri
İstanbul




Xəbərin mətnində orfoqrafik səhv var