MƏDƏNİYYƏT


“Türk Dünyası Muzeylər Həftəsi”nin bağlanış mərasimi keçirilib

Bakı, 25 may, AZƏRTAC

Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu ilə Azərbaycan Respublikası Təhsil Nazirliyinin Uşaq-Gənclər İnkişaf Mərkəzinin birgə əməkdaşlığı çərçivəsində mayın 18-24-də "Türk Dünyası Muzeylər Həftəsi" təşkil edilib. Bu proqramın məqsədi COVID-19 pandemiyası ilə əlaqədar ölkələrdə yaradılan karantin rejimində məktəbliləri türk dünyası ilə tanış etmək, gəncləri türk ölkələrinin tarixini, mədəniyyətini və incəsənətini daha dərindən öyrənməsinə cəlb etmək olub.

Fonddan AZƏRTAC-a bildirilib ki, mayın 24-də onlayn platformada “Türk Dünyası Muzeylər Həftəsi”nin bağlanış mərasimi keçirilib. Mərasimdə Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva, Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzinin direktoru Firuzə Sultan-zadə, layihədə iştirak edən türkdilli ölkələrin muzeylərinin rəhbərləri, eləcə də çox sayda məktəblilər iştirak ediblər.

G.Əfəndiyeva çıxışında layihənin bütün iştirakçılarına təşəkkürünü bildirərək bu ekskursiyaların türk dünyasının tarixi və mədəniyyəti ilə virtual əlaqə yaratmağa, türk xalqlarının milli və mənəvi dəyərləri ilə yaxından tanış olmağa imkan verdiyini qeyd edib. O, gələcəkdə bu layihənin ənənəvi xarakter alacağına və bütün türk dünyasının məktəblilərini əhatə edəcəyinə ümidvar olduğunu bildirib.

F.Sultan-zadə isə öz növbəsində layihə müddətində iştirakçı türk dünyası muzeyləri ilə sıx əməkdaşlıq əlaqələrinin qurulduğunu vurğulayıb və onlayn platformada keçirilən proqramın türk dünyası məktəbliləri arasında genişləndirilməsi, iştirakçıların və muzey saylarının artırılmasının nəzərdə tutulduğunu qeyd edib.

Daha sonra layihənin qalibləri müəyyənləşib.

Mərasimdə məktəblilər tərəfindən müxtəlif muzeylər haqqında videoçarxlar göstərilib, türk ölkələrinin muzeyləri tərəfindən nümayiş olunan tarixi və mədəni məlumatlar haqqında ən yaxşı biliklərə dair müsabiqə keçirilib. Ən fəal iştirakçılara Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun sertifikat və hədiyyələri, eləcə də Təhsil Nazirliyinin Uşaq-Gənclər İnkişaf Mərkəzinin diplomları təqdim olunub.

Qeyd edək ki, layihə çərçivəsində Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunа üzv və müşahidəçi olan ölkələrin muzeylərinə - mayın 18-də Azərbaycan Milli Xalça Muzeyinə, mayın 19-da Qazaxıstan Milli Muzeyinə, mayın 20-də Qapar Aytiyev adına Qırğızıstan Milli İncəsənət Muzeyinə, mayın 21-də Türkiyə Troya Muzeyinə, mayın 22-də Özbəkistan Dövlət Tarixi Muzeyinə, mayın 23-də Macarıstan Milli Muzeyinə virtual ekskursiyalar təşkil edilib.

Sosial şəbəkədə canlı yayımlanan muzey həftəsinə ümumilikdə bir həftə ərzində baxış sayı 5000-ə yaxın olub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.