REGİONLAR
Türk Mədəniyyət və İrsi Fondunun prezidenti: Ermənistan insanlığa qarşı cinayət törədib VİDEO
Ağdam, 17 yanvar, Tahir Ağaməmmədov, AZƏRTAC
Ermənistan Ağdamda tarixi, dini abidələri talan edib, dağıdıb. Bu, insanlığa qarşı cinayətdir.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bu sözləri yanvarın 17-də jurnalistlərə müsahibəsində Ağdam şəhərinin dağıntıları ilə tanış olan Türk Mədəniyyət və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva deyib.
Onun sözlərinə görə, artıq ikinci dəfədir bu ərazilərə gəlir: “Ötən il biz diplomatik nümayəndəliklərin səfəri zamanı bura gəlmişdik. İlk növbədə biz sevinc hissi keçiririk ki, Azərbaycan öz əzəli torpaqlarına qovuşub. Digər tərəfdən isə belə dəhşətli faciənin şahidi oluruq. Çünki burada tarixi, dini abidələr talan edilib, dağıdılıb. Bu, insanlığa qarşı bir cinayətdir. Biz buna biganə qala bilmərik. Hesabatlar hazırlamışıq və onu aidiyyəti üzrə beynəlxalq qurumlara göndərəcəyik. Biz, eyni zamanda, bu gözəl torpaqlarımızın, abidələrimizin yenidən bərpasında da rol oynamaq istəyirik".