MƏDƏNİYYƏT
Türk Mədəniyyəti və İrsi Fondu ilə IRCICA arasında anlaşma memorandumu imzalanacaq
Bakı, 11 noyabr, AZƏRTAC
Noyabrın 11-də Türk Mədəniyyəti və İrsi Fondunun Prezidenti Günay Əfəndiyeva ilə İslam Tarixi, İncəsənəti və Mədəniyyəti üzrə Araşdırmalar Mərkəzinin (IRCICA) baş direktoru Halit Eren arasında görüş keçirilib.
Türk Mədəniyyəti və İrsi Fondundan AZƏRTAC-a bildirilib ki, görüşdə G.Əfəndiyeva Fondun türkdilli xalqların tarixi-mədəni irsinin qorunması və təşviq edilməsi istiqamətində fəaliyyəti və gələcək layihələri barədə məlumat verib.
Fondun Azərbaycan Prezidenti İlham Əliyevin təşəbbüsü və üzv ölkələrin dövlət başçılarının dəstəyi ilə yaradıldığını bildirən Günay Əfəndiyeva ortaq layihələrin reallaşdırılmasının əhəmiyyətindən söz açıb.
H.Eren Türk Mədəniyyəti və İrsi Fondunun fəaliyyətinin türk dünyasının birliyi üçün mühüm əhəmiyyət daşıdığını qeyd edib, Fond ilə IRCICA arasında gələcək uğurlu qarşılıqlı əməkdaşlığa inamını ifadə edib.
Görüş zamanı, G.Əfəndiyeva Qarabağ həqiqətlərinin dünyaya tanıdılmasına yönəlmiş müxtəlif beynəlxalq tədbirlərin keçirilməsinin vacibliyini vurğulayıb.
“Qarabağ: tarix və irs” mövzusunda Beynəlxalq Elmi Konfransla əlaqədar Bakıda səfərdə olduğunu söyləyən H.Eren Qarabağ irsinin mühafizəsinin əhəmiyyət kəsb etdiyini bildirib.
Tərəflər bu istiqamətdə birgə layihələrin həyata keçirilməsini müzakirə ediblər.
Görüşdə Türk Mədəniyyəti və İrsi Fondu ilə IRCICA arasında anlaşma memorandumunun imzalanmasına dair razılıq əldə edilib, əməkdaşlığın gələcək perspektivlərinə dair fikir mübadiləsi aparılıb.