MƏDƏNİYYƏT
Türk Mədəniyyəti və İrsi Fondunun dəstəyi ilə Hüseyn Cavidin “İblis” əsəri İstanbulda tamaşaya qoyulacaq
Bakı, 13 iyul, AZƏRTAC
Türk Mədəniyyəti və İrsi Fondu ilə İstanbul Şəhər Teatrları arasında əməkdaşlığın başlanğıcı kimi Fondun dəstəyi ilə Azərbaycanın görkəmli şair və dramaturqu Hüseyn Cavidin “İblis” əsərinin bu ilin sonunda İstanbulda tamaşaya qoyulması razılaşdırılıb.
Bu razılıq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyevanın Türkiyəyə işgüzar səfəri çərçivəsində İstanbul Böyükşəhər Bələdiyyəsi Şəhər Teatrlarının rəhbəri Salih Efiloğlu ilə görüşündə əldə olunub.
Türk Mədəniyyəti və İrsi Fondundan AZƏRTAC-a bildirilib ki, görüşdə çoxtərəfli əməkdaşlıq yolu ilə türkdilli xalqların mədəniyyətinin qorunması və təbliğ edilməsi istiqamətində zəruri addımların atılması, o cümlədən Türk dünyasının görkəmli ədiblərinin, yazıçılarının və dramaturqlarının əsərlərinin müxtəlif şəhər teatrlarında səhnələşdirilməsi kimi vacib məqamlar müzakirə edilib.
Həmçinin, görüşdə qeyd edilib ki, türk dünyası üçün böyük xidmətləri olan Əhməd Yəsəvinin vəfatının 850-ci il dönümünün 2016-2017-ci il mövsümündə UNESCO tərəfindən beynəlxalq səviyyədə keçirilməsi türkdilli xalqlarının tarixi-mədəni irsinin dünyaya tanıdılması baxımından mühüm əhəmiyyət kəsb edir. Bununla əlaqədar, 2016-2017-ci illərdə Fransada, eyni zamanda, Türkiyə, Azərbaycan və digər türkdilli ölkələrdə Əhməd Yəsəvinin yaradıcılığının və türk dünyası üçün verdiyi töhfələrin təşviqi ilə bağlı müvafiq tədbirlərin keçirilməsi nəzərdə tutulur.