SİYASƏT
Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Türkiyənin xarici işlər naziri ilə görüşüb
Ankara, 7 oktyabr, AZƏRTAC
Ankarada Türk Mədəniyyəti və İrsi Fondunun (TMİF) prezidenti Günay Əfəndiyeva və Türkiyə Respublikasının xarici işlər naziri Mövlüd Çavuşoğlu arasında görüş olub.
Türk Mədəniyyəti və İrsi Fondunun Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin təşəbbüsü və üzv ölkələrin dövlət başçılarının dəstəyi ilə təsis edildiyini söyləyən G.Əfəndiyeva Fondun fəaliyyətə başlaması ilə bağlı məlumatı nazirin diqqətinə çatdırıb, qurumun gələcək layihə və planlarından söz açıb.
TMİF-in bütövlükdə türk dünyasına məxsus tarixi-mədəni irsin qorunması və təşviqi baxımından böyük əhəmiyyət daşıdığını vurğulayan M.Çavuşoğlu qeyd edib ki, Türkiyə üzv ölkə olaraq Fondun fəaliyyətini hər zaman dəstəkləməyə hazırdır.
Görüşdə ulu öndər Heydər Əliyevin "İki dövlət bir millət” ifadəsi ehtiramla xatırlanaraq Fondun gələcək fəaliyyəti ilə bütün türkdilli dövlətlər arasındakı mövcud əlaqələrin daha da möhkəmlənməsinə töhfə verəcəyi qeyd olunub.
Görüşdə Fondun perspektivlərinə dair səmərəli fikir mübadiləsi aparılıb.
Sabir Şahtaxtı
AZƏRTAC-ın xüsusi müxbiri
Ankara