DÜNYA
Türk Rivierasında müxtəlif idman növləri ilə məşğul olmaq imkanı yerli və xarici turistləri özünə cəlb edir
Bakı, 27 iyun, AZƏRTAC
Türkiyənin tarixi-mədəni irsini görməyi və firuzəyi rəngli dənizlərinin sahilində dincəlməyi hər kəs arzu edir. Turistləri qardaş ölkədə ən çox cəlb edən türk Rivierasıdır. Aralıq dənizi ilə Egey dənizi arasında yerləşən bu məkan çoxlarının getmək istədiyi yerdir.
Türk Rivierası Antalya, Kəmər, Adrasan, Finike, Kekova, Kaş, Kalkan, Fəthiyə və Əkincik kimi məşhur turizm məkanlarını əhatə edir.
Türk Rivierasının ilk dayanacağı olan Antalya dünyanın aparıcı istirahət yerlərindən biridir. Antalyada məşhur çimərliklər və əyləncə mərkəzləri ilə yanaşı, külək sörfinqi, hava şarı sörfinqi, tennis, dalğıclıq, trekkinq, dırmanma və s. idman növləri də təklif olunur.
Düden, Kurşunlu və Manavqat şəlalələri Antalyanın ən gözəl və bənzərsiz təbii sərvətlərindəndir. Pərgə, Termessos və Sillyon kimi qədim şəhərlərin xarabalıqları da bir çox sivilizasiyalara ev sahibliyi etmiş bölgənin zəngin tarixindən xəbər verir.
Türk Rivierasının başqa bir dayanacağı olan Kəmər ziyarətçiləri gözəl təbiət mənzərələri ilə qarşılayır.
Kəmərdə qədim Faselis və Olimpos şəhərlərinin qalıqlarına da rast gəlmək mümkündür. Faselisdə suya baş vuran turistlər firuzəyi sulardan, gözəl təbiətdən və qədim abidələrdən həzz alacaqlar.
Söyüt Cuma, Altınyaka və Dərəköy kimi yaylalara ziyarətçilər üçün turlar təşkil edilir. Həmçinin Likya yolu üzərində və Kəmərdə trekkinq, dalğıclıq, kanoe və velosiped idman növlərində özünü sınamaqla istirahəti daha əyləncəli keçirmək mümkündür.
Bundan əlavə, Kemer limanı yelkənli gəmilərdə sərnişinləri qarşılayır. Beldibi mağarası və körfəzi, Ay işığı çimərliyi və parkı, Kiriş çimərliyi, Çamyuva çimərliyi, Alacasu körfəzi, Cənnət körfəzi, Boston körfəzi, Tekirova çimərliyi, Məhmətali Bükü körfəzi, Maden və Beycik Bükü körfəzi Kemerin ən məşhur körfəzləri arasındadır.
Kaş Türk Rivierasının ən məşhur limanlarından və Türkiyənin ən məşhur dalğıclıq yerlərindən biridir. Bundan əlavə, Kaş gözəl təbiəti ilə əsl təbiətsevərləri özünə cəlb edir.
Türk Rivierası yamac paraşütü, kanyon trekkinqi, sahil səyahəti, yürüş, dağ velosipedi və kanoe kimi idman növləri ilə məşğul olmağa imkanlar yaratdığı üçün yerli və xarici turistləri özünə cəlb edir.