İQTİSADİYYAT
Türk Standartları İnstitutu “Azəriqaz”da audit keçirir
Bakı, 22 oktyabr, AZƏRTAC
Türk Standartları İnstitutu “Azəriqaz” İstehsalat Birliyində audit keçirir.
Birlikdən AZƏRTAC-a bildirilib ki, “Azəriqaz” respublika ərazisində aparılan genişmiqyaslı qazlaşma, mövcud qaz şəbəkəsinin əsaslı təmiri və yenidənqurulması işləri ilə yanaşı, beynəlxalq idarəetmə sistemlərinin tətbiqinə də xüsusi diqqət ayırır. Bunun nəticəsidir ki, birlik ISO 9001 “Keyfiyyəti İdarəetmə Sistemi”, OHSAS 18001 “Əməyin mühafizəsi və təhlükəsizliyi idarəetmə sistemi”, ISO 14001 “Ətraf mühitin idarə edilməsi sistemi”, ISO 50001 “Enerji idarə edilməsi sistemi” və ISO 10002 “Müştəri məmnuniyyəti və şikayətlərin araşdırılması” standartları üzrə sertifikatlara layiq görülüb. Cari ildə qeyd edilən standartların inkişaf etdirilməsi və istehsalat sahələri üzrə tətbiqinin yoxlanılması məqsədilə müvafiq əmrlə yaradılmış audit qrupu tərəfindən birliyin idarəetmə aparatı və aidiyyəti tabeli təşkilatları da daxil olmaqla 36 struktur bölmə üzrə daxili audit keçirilib və aşkar edilmiş uyğunsuzluqların əksəriyyəti aradan qaldırılıb.
“Azəriqaz” İB-də oktyabrın 22-25-də Türk Standartları İnstitutunun mütəxəssislərinin iştirakı ilə ISO 9001 “Keyfiyyəti İdarəetmə Sistemi”, ISO 14001 “Ətraf mühitin idarə edilməsi sistemi” və ISO 50001 “Enerji idarə edilməsi sistemi” standartları üzrə nəzarət, OHSAS 18001 “Əməyin mühafizəsi və təhlükəsizliyi idarəetmə sistemi” standartı üzrə isə yenidən sertifikatlaşdırma auditi keçirilir.
Birlik Türk Standartları İnstitutu tərəfindən planlaşdırılmış auditin keçirilməsinə tam hazırdır, gələcəkdə bu işlərin davam etdirilməsi və davamlı inkişafın təmini məqsədilə lazımi tədbirlərin həyata keçirilməsi nəzərdə tutulub.