REGİONLAR


Türk Şurası baş katibinin müavini: Türk dünyasının həmrəyliyinə yol açan mühüm tədbirlərin əsası Naxçıvanda qoyulub

Naxçıvan, 26 noyabr, Rauf Kəngərli, AZƏRTAC

Naxçıvan Türk dünyasında xüsusi yerə və əhəmiyyətə malik olan bir məkandır. Təsadüfi deyil ki, Naxçıvanda Türk dünyası baxımından ilklərə imza atılıb. Türk dünyasının həmrəyliyinə, birliyinə yol açan mühüm bir təşkilatın quruluşunu özündə əks etdirən Naxçıvan Sazişi sayəsində Türk Şurası yaradılıb. Həmin vaxtdan bəri iqtisadiyyat, təhsil, turizm, idman və mədəniyyət sahələrində bir sıra layihələr həyata keçirilib. Bu layihələrin həyata keçirilməsinin əsasında da Naxçıvan Sazişi dayanır.

Bu fikirləri AZƏRTAC-ın Naxçıvan bürosuna müsahibəsində Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (Türk Şurası) baş katibinin müavini Ömər Kocaman deyib.

O vurğulayıb ki, gələcəyimizi əmanət etdiyimiz gənclərimizin, daha doğrusu, Türk Şurası Gənc Liderlərinin ilk forumunun məhz Naxçıvanda keçirilməsi bu diyarın Türk dünyasında mühüm yerə malik olduğunu bir daha göstərir. Bununla qarşıdakı illərdə gənclər arasında keçiriləcək bütün tədbirlərin əsası da məhz Naxçıvanda qoyulmuş oldu.

Türk Şurası baş katibinin müavini deyib: “Biz belə bir mötəbər tədbirin Naxçıvanda keçirilməsinə şərait yaratdığına görə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbova minnətdarlığımızı bildiririk. Türk dünyasının tarixi bir məkanında belə mühüm tədbirin keçirilməsindən qürur duyuruq. Bu gün aramızda Azərbaycandan, Türkiyədən, Qırğızıstandan, Qazaxıstandan olan gənc liderlər var. Hər birinin Türk dünyasında həyata keçiriləcək proqramlarla, layihələrlə bağlı təklifləri mövcuddur. Forumda səsləndiriləcək təkliflərin həyatda əksini tapması üçün səylərimizi əsirgəməyəcəyik”.

Türk Şurası çərçivəsində müxtəlif qurumların fəaliyyət göstərdiyini qeyd edən Ömər Kocaman bildirib ki, şuranın təşkilatçılığı ilə keçirilən tədbirlər davamlı xarakter alıb. Gənclik və idman sahələrində fəaliyyətlər ardıcıllığı ilə seçilir.

“Bütün tədbirlərin bir məqsədi var - Türk dünyasının gəncləri arasındakı əməkdaşlığın davamlı xarakter alması və qarşılıqlı əməkdaşlığı planlı şəkildə inkişaf etdirmək. Bu mənada, Türk Şurası Gənc Liderlərinin Naxçıvan Forumu özünün müsbət nəticələri ilə həmin prosesdə mühüm rol oynayacaq”, – deyə Türk Şurası baş katibinin müavini vurğulayıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.