İQTİSADİYYAT


Türk Şurası ilə energetika sahəsində əməkdaşlığa dair müzakirələr aparılıb

Bakı, 20 yanvar, AZƏRTAC

Energetika naziri Pərviz Şahbazov Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (Türk Şurası) Baş katibi Bağdad Amreyevin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.

Energetika Nazirliyindən AZƏRTAC-a bildirilib ki, görüşdə təşkilat çərçivəsində energetika sahəsində əməkdaşlığın mövcud vəziyyəti və inkişaf perspektivləri müzakirə olunub.

Nazir Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası tərəfindən Azərbaycanın beynəlxalq hüquqa və ədalətə əsaslanan mövqeyinin daim dəstəklənməsini yüksək qiymətləndirib, xüsusilə 44 günlük Vətən müharibəsi dövründə ölkəmizin apardığı haqq savaşına beynəlxalq səviyyədə verilmiş dəstəyə görə Baş katibə təşəkkür edib.

Sonra türkdilli ölkələrlə energetika sahəsində ikitərəfli formatda olan əməkdaşlıq əlaqələri, təşkilatın platforması əsasında bu əməkdaşlığın daha da dərinləşdirilməsi istiqamətləri barədə ətraflı fikir mübadiləsi aparılıb. Nazir ənənəvi sahələrlə bərabər, son illərdə xüsusilə aktuallaşan enerji səmərəliliyi, bərpaolunan enerji mənbələrindən istifadə, enerji tənzimlənməsi və digər bu kimi sahələrdə türkdilli ölkələr arasında əlaqələrin genişləndirilməsinin böyük potensialı olduğunu vurğulayıb.

Baş katib B.Amreyev Azərbaycanın haqq mövqeyinə dəstəyini bir daha qeyd edərək işğaldan azad olunan ərazilərin bərpası barədə fikirlərini səsləndirib, daha sonra təşkilatın fəaliyyət istiqamətləri, görülmüş işlər və gələcək planlar haqqında məlumat verib.

Görüşdə Azərbaycanın təşkilata sədrliyi çərçivəsində energetika sahəsində həyata keçiriləcək tədbirlərin, o cümlədən Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına üzv ölkələrin energetika nazirlərinin və energetika üzrə işçi qrupunun birinci iclasının keçirilməsi ətrafında fikir mübadiləsi aparılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.