SİYASƏT


Türk Şurasına üzv dövlətlər arasında təcrübə mübadiləsi keçirilib VİDEO

Bakı, 8 fevral, AZƏRTAC

Fevralın 8-də Bakıda Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına (Türk Şurası) üzv dövlətlərin diaspor məsələlərinə məsul nazirlik və qurumları arasında təcrübə mübadiləsi proqramının açılışı olub. Toplantıda Diasporla İş üzrə Dövlət Komitəsinin (DİDK), Türkiyə, Qazaxıstan və Qırğızıstanın müvafiq qurumlarının təmsilçiləri, həmin ölkələrin Azərbaycandakı səfirləri və digər qonaqlar iştirak ediblər.

AZƏRTAC xəbər verir ki, nümayəndə heyəti Fəxri xiyabanda ümummilli lider Heydər Əliyevin məzarını, Şəhidlər xiyabanını və Türk şəhidliyi abidə-kompleksini ziyarət etdikdən sonra toplantı işə başlayıb. Türk Şurası baş katibinin müavini Ömər Kocaman görüşün türkdilli dövlətlərin diasporla iş sahəsində mövcud təcrübəsinin öyrənilməsi və qarşılıqlı əməkdaşlıq münasibətlərinin daha da inkişaf etdirilməsi baxımından əhəmiyyətini vurğulayıb.

Sonra DİDK-nın sədri Fuad Muradov çıxış edərək uzun illərdir mövcud olan türk dünyasının birliyi ideyasından danışıb, bu istiqamətdə Mustafa Kamal Atatürkün və ulu öndər Heydər Əliyevin xidmətlərini vurğulayıb. O, Prezident İlham Əliyevin təşəbbüsü ilə Bakıda türk dövlətləri və cəmiyyətləri rəhbərlərinin qurultayının, eləcə də digər önəmli tədbirlərin keçirildiyini, bu istiqamətdə əhəmiyyətli qərarlar qəbul edildiyini xatırladıb. Türk Şurasına üzv ölkələrin diaspor sahəsində ortaq fəaliyyət planının tərkib hissəsi olan bugünkü tədbirin də ortaq maraq doğuran məsələlərdə əməkdaşlığın daha da gücləndirilməsinə, türkdilli diaspor şəbəkəsinin formalaşmasına öz töhfəsini verəcəyinə əminliyini ifadə edib. F.Muradov DİDK-nın fəaliyyəti, xüsusilə son dövrlərdə görülən işlərdən danışıb, bu istiqamətdə Türk Şurasına üzv ölkələrin təcrübəsinin öyrənilməsinin əhəmiyyətini qeyd edib. Komitə sədri, eyni zamanda, birgə tədbirlərin əhəmiyyətini vurğulayaraq, Xocalı soyqırımının növbəti ildönümünün yaxınlaşdığını xatırladıb. Qeyd edib ki, hər il soyqırımı qurbanları bütün dünyada, xüsusilə də türkdilli ölkələrdə anılır. O, gələcəkdə belə tədbirləri birgə təşkil etməyin səmərəli olacağını bildirib.

Tədbirdə Türkiyənin Xaricdə Yaşayan Türklər və Əqrəba İcmaları İdarəsinin sədr müavini Abdulhadi Turus, Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral, Qazaxıstanın İctimai İnkişaf Nazirliyinin idarə rəisi Meiram İmanbayev, Qırğızıstanın Rusiyadakı səfirliyində Qırğızıstan Dövlət Miqrasiya Xidmətinin nümayəndəsi Jarkinay Qaliyeva və başqaları çıxışlarında təmsil etdikləri qurumların diaspor sahəsindəki təcrübəsini bölüşərək, görülən işlər və həyata keçiriləcək layihələr haqqında məlumat veriblər. Toplantıda təcrübə mübadiləsinin səmərəliliyinin artırılması üçün fikir və təkliflər səsləndirilib, həyata keçiriləcək konkret tədbirlər müzakirə olunub.

Türk Şurasının baş katibinin müavini Ömər Kocaman gələcək planlar barədə danışaraq, 2019-cu il üçün nəzərdə tutulan layihələri açıqlayıb. Qeyd edib ki, 2019-cu ilin martında Türkiyənin Xaricdə Yaşayan Türklər və Əqrəba İcmalar İdarəsinin dəstəyi ilə Almaniya və ya Fransada fəaliyyət göstərən türkdilli diasporlar və vətəndaş cəmiyyətlərinin nümayəndələri, may ayının sonu-iyun ayının əvvəlində isə DİDK rəhbərliyi ilə ABŞ-dakı türkdilli diaspor üzvləri üçün təlimin keçirilməsi planlaşdırılır.

Tədbirdə Diasporla İş üzrə Dövlət Komitəsinin, Türkiyənin Xaricdə Yaşayan Türklər və Əqrəba İcmaları İdarəsinin fəaliyyətindən bəhs edən videoçarxlar nümayiş etdirilib.

Tədbir Türk Şurası nəzdində diasporla iş üzrə Təmas Qrupunun 5-ci iclası ilə davam edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.