İQTİSADİYYAT
Türk Şurasına üzv ölkələr “Ticarət evi”nin açılmasında Azərbaycan təcrübəsindən istifadə edəcəklər VİDEO
Nur-Sultan, 17 may, AZƏRTAC
Türk Şurasına üzv ölkələr “Ticarət evi”nin açılmasında Azərbaycan təcrübəsindən istifadə edəcəklər.
AZƏRTAC xəbər verir ki, Qazaxıstanın paytaxtı Nur-Sultanda Türkdilli ölkələrin Ticarət və Sənaye Palatasının iclası keçirilib. Tədbirdə Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının baş katibi Bağdat Amreev, Qazaxıstanın "Atameken" Sahibkarlar Milli Palatasının idarə heyətinin sədri Ablay Mırzaxmetov, Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının prezidenti Məmməd Musayev, Qırğızıstan Ticarət və Sənaye Palatasının prezidenti Nurlan Musuralyev və Türkiyə Ticarət və Sənaye Palatası Birliyinin sədri Rifat Hısarcıklıoğlu iştirak ediblər. İclasda ASK-ın prezidenti Məmməd Musayev bildirib ki, palata türkdilli ölkələrin sahibkarlarının fəaliyyətini əlaqələndirərək iqtisadi münasibətləri daha da genişləndirəcək.
Azərbaycan Prezidenti İlham Əliyevin türkdilli ölkələrin münasibətlərinin inkişafına önəm verdiyini, daim bu cür tədbirləri dəstəklədiyini deyən M.Musayev bildirib ki, Azərbaycan qeyri-neft sektorunun, kiçik və orta sahibkarlığın inkişafına önəm verir.
M.Musayev Türkdilli ölkələrin Ticarət və Sənaye Palatasının “Yol xəritəsi”nin yaradılması və beynəlxalq statusun verilməsi təklifini irəli sürüb.
Bağdat Amreev iclasda Türk Şurasına üzv ölkələr arasında “Ticarət evi”nin açılmasında Azərbaycan təcrübəsindən istifadə olunmasını təklif edib. O, Türkdilli ölkələrin Ticarət və Sənaye Palatasının üzv dövlətlər arasında iqtisadi əməkdaşlığın daha da inkişaf etdirəcəyini bildirib.
İclasda oktyabrda Bakıda keçiriləcək Türk Şurasının növbəti Sammitində birgə investisiya fondunun yaradılması müzakirə olunub. Bundan başqa, sammit çərçivəsində Türkdilli ölkələrin biznes forumunun keçiriləcəyi qeyd edilib.
Türkdilli ölkələrin Ticarət və Sənaye Palatasının növbəti iclasının iyulda keçirilməsi qərara alınıb. Türkmənistan və Özbəkistanın da bu palataya qoşulması gözlənilir.
İlahə Əhmədova
AZƏRTAC-ın xüsusi müxbiri
Nur-Sultan