SİYASƏT
Türk Şurasının Bakıda keçiriləcək VII Zirvə Görüşü çərçivəsində ADA Universitetində konfrans təşkil olunub
Bakı, 11 oktyabr, AZƏRTAC
Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (TDƏŞ) Bakıda keçiriləcək VII Zirvə Görüşü çərçivəsində oktyabrın 11-də ADA Universitetində “Türkdilli dövlətlərin rəsmi inkişaf agentliklərinin beynəlxalq yardım sisteminə inteqrasiyasının təşviqi: Səmərəli humanitar və inkişafa yardım üzrə əməkdaşlıq” mövzusunda konfrans təşkil edilib.
AZƏRTAC xəbər verir ki, Xarici İşlər Nazirliyi nəzdində fəaliyyət göstərən Azərbaycan Respublikasının Beynəlxalq İnkişafa Yardım Agentliyinin (AIDA) Türk Şurası, BMT-nin Humanitar İşlər üzrə Koordinasiya Ofisi, İnkişaf Proqramı və ADA Universiteti ilə əməkdaşlıq çərçivəsində təşkil etdiyi konfrans türkdilli dövlətlərin rəsmi inkişafa yardım agentliklərini, eləcə də inkişafa yardım üzrə ixtisaslaşdırılmış regional və beynəlxalq təşkilatların yüksək səviyyəli nümayəndələrini bir araya gəlib.
Tədbirin məqsədi TDƏŞ ölkələrinin və iştirakçı qurumların humanitar yardım və inkişafa yardım fəaliyyətlərini nümayiş etdirmək, inkişafa yardım agentliklərinin və yardımdan faydalanan ölkələrin qarşılaşdıqları problemlər və onların həlli perspektivlərini müzakirə etmək, eləcə də türkdilli ölkələrin müvafiq inkişafa yardım agentlikləri arasında səmərəli koordinasiyanı təmin etmək məqsədilə Türk Şurası daxilində humanitar yardım və beynəlxalq yardım sahəsində işçi qrup/yüksək səviyyəli nümayəndələr səviyyəsində əməkdaşlıq platforması təsis etməkdir.
Tədbiri giriş sözü ilə ADA Universitetinin prorektoru Fariz İsmayılzadə açıb. O, konfransın türkdilli dövlətlər arasında əməkdaşlıq əlaqələrinin genişləndirilməsi məsələlərinin müzakirəsi baxımından əhəmiyyətli olduğunu qeyd edib.
Milli Məclisin Səhiyyə komitəsinin sədri, Azərbaycan-Türkiyə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Əhliman Əmiraslanov Türkdilli Dövlətlərinin Əməkdaşlıq Şurasının yaradılması və Naxçıvan Sazişinin imzalanmasının tarixi və əhəmiyyəti barədə danışıb. O, ümummilli lider Heydər Əliyevin, eləcə də türkdilli ölkələrin digər rəhbərlərinin Şuranın yaradılması və Naxçıvan Sazişinin imzalanması istiqamətində göstərdikləri səylərdən bəhs edib. Əhliman Əmiraslanov Türk Şurasına daha çox türkdilli dövlətlərin qoşulmasının əhəmiyyətini vurğulayıb, bu istiqamətdə TÜRKPA-nın fəaliyyətini də qeyd edib.
Türk Şurasının Baş katibinin müavini Qismət Gözəlov çıxışında Şuranın yaradılması prosesi və onun uğurlu fəaliyyəti barədə söhbət açıb. O, türkdilli dövlətlər arasında ticari-iqtisadi sahədə uğurlu əməkdaşlığı qeyd edib. Bundan başqa, Şuranın təhsil, gənclər və idman sahələrindəki uğurlarını diqqətə çatdırıb.
BMT-nin İnkişaf Proqramının ölkəmizdəki rezident nümayəndəsi Alessandro Frakasetti Türk Şurası çərçivəsində belə əməkdaşlıq platformasının əhəmiyyətini vurğulayıb. O, Türk Şurası daxilində humanitar yardım və beynəlxalq inkişafa yardım sahəsində əməkdaşlıq platformasının yaradılmasının üzv ölkələr arasında iqtisadi sahədə daha böyük uğurlara nail olunması baxımından önəmini bildirib.
Tədbirdə AIDA-nın direktoru Seymur Fətəliyev, TİKA-nın vitse-prezidenti Rahman Nurdun, BMT-nin Humanitar İşlər üzrə Koordinasiya Ofisinin xüsusi məsləhətçisi İmran Xuşnud Şah, Qazaxıstan Xarici İşlər Nazirliyinin xüsusi tapşırıqlar üzrə səfiri Oljas İsabekov, Qırğızıstanın müvəqqəti işlər vəkili Bakıt Yusupov və Macarıstanın Azərbaycandakı səfiri Viktor Szederkenyi çıxış edərək mövzu ilə bağlı fikirlərini bildiriblər.
Tədbirin sonunda iştirakçılar AIDA, TİKA və BMT İnkişaf Proqramının fəaliyyəti, həyata keçirdiyi layihələr ilə bağlı fotosərgiyə baxıblar.