REGİONLAR


Türk Tarix Qurumunun sədri Naxçıvan Dövlət Universitetində olub

Naxçıvan, 25 may, AZƏRTAC

Türk Tarix Qurumunun sədri Birol Çətin Naxçıvan Dövlət Universitetində olub.

NDU-nun Televiziya, mətbuat və ictimaiyyətlə əlaqələr bölməsindən AZƏRTAC-ın Naxçıvan bürosuna bildirilib ki, ikitərəfli görüşdə ali təhsil ocağının rektoru Elbrus İsayev qonaqları salamlayıb, onları universitetdə görməkdən məmnun olduğunu deyib. Universitetin 55 illiyinin qeyd olunduğunu söyləyən rektor ali təhsil ocağında Tarix ixtisasının da təməlinin elə məhz NDU-nun yarandığı dövrlə bağlı olduğunu diqqətə çatdırıb.

Vurğulanıb ki, ali təhsil ocağında 10 ölkədən 1500-ə yaxın əcnəbi tələbə təhsil alır. Bunun da 800 nəfəri türkiyəlidir. Dünyanın 130-dan çox ölkəsi ilə beynəlxalq əməkdaşlığa malik olan universitetin Türkiyənin 80-dək ali təhsil ocağı ilə əlaqələri mövcuddur. Elbrus İsayev universitetdə fəaliyyətə başlayacaq Texnopark haqqında da danışaraq deyib ki, bu sahədə də qardaş Türkiyə universitetləri ilə əməkdaşlıq müqavilələri imzalanıb. Rektor universitetin ikili diplom layihələrində fəal iştirakı barədə məlumat verib.

Türk Tarix Qurumunun sədri Birol Çətin ilk dəfədir Naxçıvanda olmaqdan sevinc duyduğunu bildirib. Təmsil etdiyi Türk Tarix Qurumunun yaradılması, fəaliyyət istiqamətləri haqqında ətraflı məlumat verən professor diqqətə çatdırıb ki, qurum 90 ildir uğurla fəaliyyət göstərir. Türk tarixinin araşdırılmasını əsas məqsəd kimi qarşıya qoyan qurumun son illər arxeologiya sahəsində aşkar etdiyi elmi faktlar bu sahənin inkişafına öz müsbət təsirini göstərib. Bütün ixtisas sahələrinin tarix elmi ilə əlaqədar məqamlarına toxunan professor bu elm sahəsində böyük inkişafın əldə olunduğunu diqqətə çatdırıb. Birol Çətin müasir dövrdə fakt və həqiqətlərin dünyaya çatdırılmasında tarix elminin əvəzsiz rolunu vurğulayıb.

Müzakirə şəraitində keçirilən görüşdə əməkdaşlıq məsələlərinə toxunulub, birgə elmi nəşrlərin hazırlanması, konfrans və görüşlərin təşkili barədə razılığa gəlinib.

Sonda Elbrus İsayev və Birol Çətin qarşılıqlı xatirə hədiyyələri təqdim ediblər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.