DÜNYA
“Türk axını”nın 900 kilometrlik dəniz hissəsini İsveçrənin “Allseas” şirkəti inşa edəcək
Bakı, 8 dekabr, Nihad Budaqov, AZƏRTAC
Rusiyanın enerji nəhəngi “Gazprom” şirkəti ilə İsveçrənin “Allseas” şirkəti arasında Rusiyadan təbii qazın Türkiyəyə nəqlini nəzərdə tutan “Türk axını” qaz boru kəməri (Turkish Stream) layihəsi çərçivəsində ilk boru kəmərinin inşa edilməsi üzrə müqavilə imzalanıb.
AZƏRTAC “Gazprom”a istinadla xəbər verir ki, “Türk axını”nın dəniz hissəsində inşa ediləcək ilk boru kəməri üçün “Allseas” şirkəti ilə müqavilə imzalanıb. “Allseas” şirkəti müqavilə üzrə Qara dənizdə 900 kilometr uzunluğunda boru kəməri inşa edəcək və tikinti işlərinə 2017-ci ilin ikinci yarısında başlayacaq.
“Türk axını” çərçivəsində inşa edilməsi planlaşdırılan ikinci boru kəmər üçün də “Allseas” şirkəti seçim hüququna malik olacaq.
Qeyd edək ki, oktyabrın 10-da Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə Rusiya Prezidenti Vladimir Putinin görüşündə “Türk axını” qaz boru kəməri layihəsi üzrə hökumətlərarası saziş imzalanıb. Sazişi Türkiyənin enerji və təbii sərvətlər naziri Berat Albayrak və Rusiyanın energetika naziri Aleksandr Novak imzalayıb. Dekabrın 6-da isə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan “Türk axını” qaz boru kəməri layihəsi üzrə Rusiya ilə imzalanan hökumətlərarası sazişin ratifikasiyası haqqında qanunu imzalayıb.
“Türk axını” ilə Rusiya təbii qazının Türkiyədən keçməklə Avropaya çatdırılması nəzərdə tutulur. Kəmərlə ümumilikdə 31,5 milyard kubmetr qazın Avropanın, qalan hissəsinin isə Türkiyənin daxili tələbatının ödənilməsi üçün istifadə edilməsi planlaşdırılır. Layihə üzrə hər biri 15,75 milyard kubmetr tutuma malik iki boru kəmərinin inşa edilməsi nəzərdə tutulur. İlk boru kəmərinin Türkiyəyə, ikinci kəmərin isə zəruri zəmanət təmin olunacağı təqdirdə Avropaya çatdırılması planlaşdırılır.