ELM VƏ TƏHSİL
“Türk dillərində məsdərlər və feili isimlər” kitabı rus dilində çapdan çıxıb
Bakı, 20 iyun, AZƏRTAC
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Nəsimi adına Dilçilik İnstitutunun elmi katibi, filologiya üzrə fəlsəfə doktoru, dosent Aynel Məşədiyevanın “Türk dillərində məsdərlər və feili isimlər” kitabı rus dilində işıq üzü görüb.
AMEA-dan AZƏRTAC-a bildirilib ki, monoqrafiya türk dillərində və onların dialektlərində məsdərlərin, birincili və ikincili feili isimlərin leksik-semantik mahiyyətinin və morfoloji-sintaktik əlamətlərinin müqayisəli-tarixi təhlilinə həsr olunub. Hər bir məsdər və feili isim formasının müfəssəl təhlili onların həm oxşar, həm də diferensial morfoloji-sintaktik və fonetik xüsusiyyətlərinin aşkar edilməsinə imkan verib. Bundan əlavə, kitabda türk dillərində məsdərlərin və feili isimlərin əsas anlayışları, terminləri və onların təsnifat prinsipləri araşdırılıb.
Monoqrafiyada türk dillərində və onların dialektlərində hər bir məsdər və feili isim şəkilçilərinin tarixi inkişaf gedişi izlənilib və etimologiyası öyrənilib. Həmçinin onların türk dillərində daha yayılmış növləri müəyyənləşdirilib. Kitabda türk dillərində məsdərlərin və feili isimlərin başqa formalarla genetik qohumluğu da izlənilib.
Kitabın redaktoru professor Rüfət Rüstəmov, rəyçilər professorlar Sayalı Sadıqova və Məhərrəm Məmmədlidir.
Monoqrafiya filoloq və şərqşünas-türkoloqlar üçün tövsiyə olunur.