CƏMİYYƏT
Türk dünyası inteqrasiyasının yeni erası başlayır

Bakı, 29 may, AZƏRTAC
Mən Türkiyədə prezident seçkilərini bu ölkəyə dəstək məqsədilə yaradılmış “Qardaş köməyi” platformasının idarə heyətinin üzvü kimi yaxından izləyirdim. Bu müddətdə Ankarada əhalinin coşqusunu və Türkiyə Prezidentinə sevgisini yaxından gördüm. Müxtəlif şəhərlərdə olarkən də Türkiyə xalqının böyük əzmlə seçkidə iştirak etməsinin şahidi oldum. Bu il 100 yaşını qeyd edən Türkiyə Cümhuriyyəti yüksək səviyyədə baş tutmuş prezident seçkiləri ilə dünyaya demokratiya dərsi keçdi. Türkiyədə keçirilən ikinci tur prezident seçkilərində Rəcəb Tayyib Ərdoğanın qələbə qazanması qardaş ölkədə təntənəli şəkildə qeyd olundu. Bu onu göstərir ki, Türkiyə xalqı dünyada və qardaş ölkədə baş verən iqtisadi çətinliklərə baxmayaraq hazırkı dövlət başçısının apardığı siyasəti dəstəkləyir. Ərdoğan iqtidarının xalqın böyük əksəriyyətinin etimadını qazanması mövcud siyasi elitaya Türkiyə cəmiyyətinin inamının göstəricisidir. Prezident İlham Əliyev və Azərbaycan xalqı da seçkiləri diqqətlə izləyir, bu qələbəyə inanırdı. Təsadüfi deyil ki, hələ ilk turun nəticələrindən dərhal sonra Prezident İlham Əliyev Prezident Rəcəb Tayyib Ərdoğana telefonla zəng edərək birinci olaraq onu təbrik etmişdi. Bu seçkilər Azərbaycan-Türkiyə qardaşlığının və bütün Türk dünyasının qələbəsidir.
Bunu AZƏRTAC-a açıqlamasında “Qardaşlığımız Əbədidir” QHT Koalisiyasının və “Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə” İctimai Birliyinin sədri Emin Həsənli söyləyib. O vurğulayıb ki, Rəcəb Tayyib Ərdoğan, eyni zamanda, Türkiyənin 100 illiyində, Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 105 illiyində, “Heydər Əliyev İli”ndə böyük uğur əldə etdi: “Türkiyəli seçicilər demokratiyaya, suverenliyinə, qardaş ölkənin bütün dövlətlərlə bərabərhüquqlu müstəqil siyasətini həyata keçirməsinə, güclü ordusunun olmasına və onu öz silahı ilə təminatına səs verdilər. Ərdoğan türk birliyinin əldə edilməsi üçün böyük işlər görüb. Türkiyə həm hərbi hava, həm dəniz, həm də quru qüvvələri üçün silah istehsal edib. Bu dövlət dünyanın ən nüfuzlu ölkələrindən birinə çevrilib. Dünyada hər kəs Türkiyəyə hörmətlə yanaşır, onunla hesablaşır”.
Bildirilib ki, bu həm də Azərbaycanın böyük qələbəsidir: “Prezident Rəcəb Tayyib Ərdoğan 44 günlük Vətən müharibəsinin ilk günlərindən Azərbaycana mənəvi, siyasi dəstək verdi. İlk gündən bəyan etdi ki, bu müharibədə Türkiyə Azərbaycanın yanındadır. Ermənistan tərəfindən üçüncü dövlət bu müharibəyə qarışarsa, Türkiyə hər zaman olduğu kimi Azərbaycanla birgə olacaq. Eləcə də Türkiyənin müdafiə, xarici işlər nazirləri, ictimaiyyəti Azərbaycanın yanında olduğunu dəfələrlə bəyan etdi. Hazırda Türkiyə ən müasir texnologiyalarını, o cümlədən PUA-larını Azərbaycana təqdim edir”.
Emin Həsənli xatırladıb, İkinci Qarabağ savaşında pandemiyaya baxmayaraq Türkiyə xalqı küçələrə çıxaraq Azərbaycan xalqının yanında olduğunu bildirdi. Eyni zamanda, meşə yanğınlarında Azərbaycan Türkiyəyə çox böyük dəstək göstərdi. Prezident İlham Əliyevin tapşırığı ilə Fövqəladə Hallar Nazirliyinin əməkdaşlarının qardaş ölkədə meşə yanğınlarının qarşısının alınmasında əhəmiyyətli dəstəyi oldu. Bu ilin fevralında Türkiyədə əsrin faciəsi adlandırılan sarsıdıcı zəlzələ baş verdikdə Azərbaycan Prezidentinin, Birinci vitse-prezidentin göstərişi ilə həm Azərbaycan dövləti, həm Heydər Əliyev Fondu, eyni zamanda, bütün Azərbaycan xalqı Türkiyəyə qardaş köməyi etdi.
İctimai Birliyin sədri qeyd edib ki, Rəcəb Tayyib Ərdoğan Türkiyəni bir neçə böhrandan uğurla çıxardı, zəlzələnin nəticələrinin qısa müddətdə aradan qaldırılmasına çalışdı. Zəlzələ zamanı milyonlarla insan hər şeyini itirmişdi. Birinci Qarabağ müharibəsində buna bənzər çətinlikləri o vaxtlar biz də yaşamışdıq. Mən dəhşətli zəlzələnin baş verdiyi ərazilərdə insanların yeməklə, qalmağa yerlə, geyimlə yüksək səviyyədə təmin edilməsinin birbaşa şahidi oldum. Azərbaycan dövləti də Kahramanmaraşda 1000 evin tikilməsinə, sosial infrastrukturun yaradılmasına dəstək olur. Bu, dövlətimizin qardaş ölkəyə növbəti yardımıdır.
“Azərbaycan xalqı və ölkəmizdə yaşayan Türkiyə vətəndaşları da böyük sevinclə Rəcəb Tayyib Ərdoğanın qələbəsini küçələrə bayraqlarla axışaraq qeyd etdi. Ona görə ki, qardaş dövlətdə müxalifət və onun vahid namizədi Kamal Kılıçdaroğlunun Azərbaycana, “Böyük İpək Yolu”na və Türk dünyasına münasibəti hamıya məlum idi. Bu da haqlı olaraq Azərbaycan ictimaiyyətində böyük hiddət yaratdı. Çünki Azərbaycan-Türkiyə qardaşlığı əbədidir, sarsılmazdır. Prezident İlham Əliyev daim bu qardaşlığın möhkəmlənməsinə hərtərəfli dəstək verir. Yaxın zamanlarda, həm Türkiyə, həm də Azərbaycan qarşıya qoyulan bütün hədəflərə çatacaq. Bu, seçkilərdə müxalifətin qələbə çalmasını Qərb dövlətləri, Fransa, Yunanıstan, Ermənistan və İran istəyirdi. Bu dövlətlərin, eləcə də Avropanın mətbuatında Ərdoğanın əleyhinə yazılar dərc olunurdu. Odur ki, seçkilərdə imperializm, İran, Ermənistan və onların havadarları məğlub oldular. Müdrik türk xalqı isə öz qərarını verdi.
Demokratik, açıq, şəffaf şəraitdə keçirilən seçkilərdə Ərdoğan həm birinci, həm ikinci turda faiz nisbəti ilə üstün idi. Bu seçkilərin nəticələri Türkiyənin müstəqil siyasətinin imperialist qüvvələr üzərində böyük zəfərinə çevrildi. İnanıram ki, növbəti illərdə Türkiyə daha da inkişaf edəcək. Bundan sonra Azərbaycan-Türkiyə qardaşlığı daha da güclənəcək. Belə ki, Azərbaycan və Türkiyə çiyin-çiyinə və Türk dünyası inteqrasiyasının yeni erası - 100 illiyi başlayır”, - deyə E.Həsənli diqqətə çatdırıb.