MƏDƏNİYYƏT


Türk dünyasına xas olan irsin qorunması və dünyaya tanıdılması məsələsi İsveçrədə müzakirə edilib

Bakı, 14 fevral, AZƏRTAC

İsveçrəyə səfər çərçivəsində Azərbaycanın İsveçrədəki səfiri Xanım İbrahimova ilə görüşən Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva rəhbəri olduğu qurumun türk dünyasına xas mədəniyyətin, irsin mühafizəsi və dünyaya tanıdılması yönündə həyata keçirdiyi layihələrdən bəhs edib. Görüşdə, Fondun fəaliyyətində Azərbaycanın aktiv rolu qeyd edilərək türkdilli xalqların tarixi-mədəni irsinin mühafizəsi istiqamətində birgə tədbir və layihələrin reallaşdırılması ilə əlaqədar dəstək ifadə olunub.

Qazaxıstanın İsveçrədəki səfiri Alibek Bakayev ilə görüş zamanı Fondun prioritet istiqamətlərinin türk dünyasının sahib olduğu mədəni irsi araşdırıb dünyada tanıdaraq gələcək nəsillərə ötürmək olduğundan bəhs edilib. Eyni zamanda, bu il Qazax yazılı ədəbiyyatının banisi, şair, mütəfəkkir Abay Kunanbayevin 175 illiyi, böyük mütəfəkkir və alim Əbunəsr Fərabinin 1150 illik yubileyi ilə bağlı 2020-ci ildə görüləcək tədbirlər barədə müzakirələr aparılıb. Qazax xalqının ümumtürk, eləcə də dünya mədəniyyətinə böyük töhfələr verdiyi bildirilərək Fondun bu istiqamətdə apardığı tədbir və layihələrdə birlikdə çalışmağa maraqlı olduqları səfir tərəfindən qeyd edilib.

Türkiyənin İsveçrədəki səfiri İlhan Saygılı ilə keçirilən görüşdə türkdilli xalqların mədəni irsinin qorunması və təbliğ edilməsi məqsədilə Fondun gördüyü iş və tədbirlərin həyata keçirilməsinin əhəmiyyəti vurğulanıb. Həmçinin, səfirlik tərəfindən Fondun bu istiqamətdə fəaliyyətinə və planlaşdırdığı gələcək layihələrinə dair dəstək ifadə edilərək, türk dünyasının önəmli parçası olan Tükiyə ilə mövcud əməkdaşlığın inkişaf perspektivləri barədə fikir mübadiləsi aparılıb.

Görüşlərdə Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun himayəsi ilə İsveçrədə türkdilli xalqların mədəniyyətinin təbliği istiqamətində tədbirlərin keçirilməsi barədə yekdil fikir ifadə olunub.

İlhan Saygılı G. Əfəndiyevanı səfirliyin mədəniyyət sahəsində həyata keçirdiyi işlər ilə yaxından tanış edərək, Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun uğurlu gələcəyinə və türk dilli ölkələr arasında birliyin inkişafı istiqamətində töhvələr verəcəyinə inandığını, Fondun türk dünyası mədəni irsinin beynəlxalq arenada tanıdılması istiqamətində gördüyü fəaliyyətə dəstək olmağa hazır olduğunu ifadə edib.

Görüşdə türk dünyasının mədəniyyət və tarixinin təbliği istiqamətində cari il ərzində həyata keçiriləcək tədbirlər barədə geniş tərkibdə danışıqlar aparılıb və gələcək əməkdaşlıq prioritetləri müəyyən olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.