ELM VƏ TƏHSİL


Türk dünyasının alimləri müstəqil dövlətçilik ənənəsi və inkişafın müasir problemlərini müzakirə ediblər YENİLƏNİB  

Bakı, 28 iyun, AZƏRTAC

İyunun 28-də Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Mərkəzi Elmi Kitabxanasında “Türk dünyasında müstəqil dövlətçilik ənənəsi və inkişafın müasir problemləri” mövzusunda beynəlxalq konfrans öz işinə başlayıb.

AZƏRTAC xəbər verir ki, konfransda Azərbaycan, Türkiyə, Qazaxıstan, Tatarıstan, Başqırdıstan və digər ölkələrdən alimlər iştirak ediblər.

AMEA-nın prezidenti, akademik Akif Əlizadə konfransın türk xalqlarının çoxəsrlik elmi-mədəni əlaqələrinin tarixinə nəzər salmaq baxımından önəmli olduğunu vurğulayıb. Türkdilli ölkələr arasında elm və təhsil sahəsindəki əlaqələrdən bəhs edən AMEA rəhbəri əməkdaşlığın bu istiqamətdə daha da genişlənəcəyinə əminliyini bildirib.

Akademik A.Əlizadə tədbirdə türkdilli ölkələrin sivilizasiyası, elm, təhsil və mədəniyyət sahəsində əlaqələri kimi mövzulara həsr olunan məruzələrin dinləniləcəyini və müzakirələrin aparılacağını söyləyib. AMEA-nın yaranma tarixi və keçdiyi inkişaf yolundan danışan A.Əlizadə rəhbərlik etdiyi elm ocağında 2015-ci ildən fəaliyyətə başlayan magistratura pilləsi barədə məlumat verib. Prezident İlham Əliyevin dəstəyi ilə yaradılan AMEA-nın Yüksək Texnologiyalar Parkının fəaliyyətindən də bəhs edən alim son illər akademiyada elmin kommersiyalaşdırılması məqsədilə müxtəlif innovasiyayönümlü layihələrin həyata keçirildiyini deyib. Bildirilib ki, AMEA dünyanın nüfuzlu elmi mərkəzləri, o cümlədən türkdilli dövlətlərin elmlər akademiyaları ilə sıx əməkdaşlıq edir.

AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli Türk Dünyası Elmlər Akademiyaları Birliyi barədə məlumat verib. Bildirilib ki, bu qurum Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına üzv ölkələrin elmlər akademiyalarının fəaliyyətlərini əlaqələndirmək, birgə elmi layihələr həyata keçirmək, çoxcildlik nəşrlər hazırlamaq, ortaq elmi mövqedən çıxış etmək məqsədilə 2015-ci ildə yaradılıb. Türk Dünyası Elmlər Akademiyaları Birliyinə 2016-cı ildə Qazaxıstanın, 2017-ci ildə isə Türkiyənin elmlər akademiyaları sədrlik edib. Birliyin qərarı ilə bu quruma 2018-ci ildə rəhbərlik AMEA-ya həvalə olunub. Akademik İ.Həbibbəyli son beş ildə AMEA-da 30-dan çox ölkənin elmi qurumları ilə əməkdaşlıq müqaviləsinin imzalandığını, bundan başqa tədqiqatların müasir üsul və texnologiyalarla aparılması məqsədilə 10-dan artıq beynəlxalq laboratoriyanın yaradıldığını da diqqətə çatdırıb.

Türk Dünyası Elmlər Akademiyası Birliyi tərəfindən ortaq jurnalın təsis edilməsi təklifini irəli sürən AMEA-nın vitse-prezidenti bu nəşrin birliyə üzv ölkələrdə inteqrasiya prosesinə müsbət təsir edəcəyini bildirib. Həmçinin türk dünyası alimlərinin adlarını daşıyan adlı mükafatların təsis edilməsinin önəmini vurğulayan İ.Həbibbəyli deyib: “Türk dünyası üçün fərqli adlı mükafatlar verilə bilər. Məsələn, Yunus Əmrə, Yusif Məmmədəliyev və digər adlı mükafatlar təsis edilə bilər. Azərbaycan aliminin adına olan mükafat başqa bir türk ölkəsinin aliminə verilə bilər. Bu, ölkələr arasındakı əlaqələrin daha da inkişaf etməsinə səbəb olardı”.

İ.Həbibbəyli son beş ildə AMEA-da 30-dan çox ölkənin elmi qurumları ilə əməkdaşlıq müqaviləsinin imzalandığını, bundan başqa, tədqiqatların müasir üsul və texnologiyalarla aparılması məqsədilə 10-dan artıq beynəlxalq laboratoriyanın yaradıldığını da diqqətə çatdırıb. Bildirilib ki, Qərb dünyası ilə müqayisədə türk dünyasının elmi qurumları ilə əməkdaşlıq üçün daha çox iş görülməli, ortaq layihələr hazılanmalıdır.

Tədbirdə çıxış edən Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva türkdilli xalqların tarixinin, zəngin mədəni irsinin öyrənilməsi və dünyada tanıdılmasının rəhbərlik etdiyi təşkilatın əsas missiyası olduğunu bildirib. Ortaq köklərə malik türkdilli ölkələrin əsrlərə dayanan zəngin tarixi, mənəvi dəyərləri olduğu, türk dünyasının görkəmli şəxsiyyətlərinin dünya mədəniyyət xəzinəsinə dəyərli töhfələr verdikləri diqqətə çatdırılıb. G.Əfəndiyeva türkdilli ölkələrin elmi qurumlarını fond ilə əməkdaşlığa dəvət edib.

Beynəlxalq Türk Akademiyasının daimi katibi Asxat Keşikbayev təmsil etdiyi təşkilatın fəaliyyət istiqamətləri barədə məlumat verib. Qeyd edilib ki, türkdilli ölkələrin dövlət başçılarının təlimatları çərçivəsində Türkdilli Ölkələrin Əməkdaşlıq Şurasına üzv dövlətlərin orta məktəb şagirdləri üçün “Ortaq türk tarixi” dərsliyinin proqram və layihəsi hazırlanır. Bildirilib ki, eyni zamanda, “Ortaq türk ədəbiyyatı”, “Ortaq türk coğrafiyası”, “Atalar mirası” layihələri ilə bağlı işlər davam etdirilir.

Türkiyə Elmlər Akademiyasının prezidenti, professor Əhməd Cavad Acar Azərbaycanın türk ölkələri arasında elm və təhsil sahəsi üzrə nüfuzlu yeri olduğunu vurğulayıb. Türkdilli xalqların ortaq dəyərlərindən danışan alim bu əlaqələrin daha da inkişaf etdirilməsinin vacibliyini söyləyib.

İlk dəfə Bakıya 1990-cı illərin əvvəllərində gəldiyini deyən Əhməd Cavad Acar Azərbaycanın ötən müddətdə sürətlə inkişaf etdiyini söyləyib.

Tədbirdə Tatarıstan Respublikası Elmlər Akademiyasının prezidenti, akademik Makzum Salahov “Tatarıstan və Azərbaycan arasında mədəni və ictimai-siyasi əlaqələr: ənənələr və müasirlik”, Başqırdıstan Respublikası Elmlər Akademiyasının prezidenti, akademik Alfis Qayazov “Pax Turan” məkanında Başqırdıstan və Azərbaycan: əməkdaşlıq və inkişaf perspektivləri” və Türkiyə Elmlər Akademiyasının vitse-prezidenti, professor Əhməd Nuri Yurdusev “Millətlərarası elmi təşkilatlar və türk dünyasının elmi müəssisələri” mövzularında məruzələrlə çıxış ediblər.

Konfrans iyulun 29-da başa çatacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.