ELM VƏ TƏHSİL


“Türk dünyasının coğrafiyası və etnosu” kitabının sonuncu cildi nəşr edilib

Bakı, 4 mart, AZƏRTAC

Akademik Həsən Əliyev adına Coğrafiya İnstitutunun “Türk dünyasının coğrafiyası və etnosu” üçcildliyinin sonuncu - “Regional coğrafiya” adlı III cildi çapdan çıxıb.

İnstitutdan AZƏRTAC-a bildirilib ki, birinci və ikinci cildlərdə olduğu kimi, üçüncü cildin də ideya müəllifi və məsləhətçisi akademik Akif Əlizadə, baş redaktorları akademiklər Ramiz Məmmədov və Nizami Cəfərov, buraxılışına məsul mərhum alim Məhərrəm Həsənovdur.

Kitabın birinci fəslində 6 müstəqil türk dövlətinin hər birinin fiziki və iqtisadi coğrafiyası vahid sistem halında araşdırılır, təhlil edilir. Burada hər bir dövlətin relyefi, geoloji quruluşu, iqlim şəraiti, hidrologiyası, torpaq və bitki örtüyü, landşaft xüsusiyyətləri, təbiət və tarixi abidələri, turizm-rekreasiya ehtiyatları, ekoloji şəraiti və problemləri haqqında geniş məlumat verilir.

İkinci fəsildə türk milli qurumlarının coğrafiyasından danışılır. Burada müxtəlif dövlətlərin tərkibində yaşayan və muxtar respublika statusuna malik qurumların təbii şəraiti, təbii ehtiyatları araşdırılır, onların iqtisadiyyatı təhlil edilir, mövcud vəziyyət və perspektiv inkişaf istiqamətləri haqqında məlumat verilir.

Üçüncü fəsil milli qurumu olmayan türk xalqları haqqındadır. Həmin xalqların tarixən formalaşmış adət-ənənələri, milli geyimləri, dilləri və s. ümumtürk xüsusiyyətləri əsasında formalaşdığı göstərilir, müəyyən qədər yaşadıqları ərazinin coğrafi xüsusiyyətləri, onların iqtisadi vəziyyəti təhlil edilir.

Kitab geniş oxucu kütləsi, müxtəlif sahələrin mütəxəssisləri, ali və orta ixtisas, eləcə də orta məktəblərin professor-müəllif heyəti və böyük türk dünyasının zəngin mədəniyyətə, mənəviyyata, yazılı və şifahi ədəbiyyata malik olan, özünəməxsusluğu və tolerantlığı ilə fərqlənən türk mənşəli xalqların həyatı, coğrafiyası ilə maraqlanan hər kəs üçün dəyərli mənbədir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.