MƏDƏNİYYƏT
Türk dünyasının gənc yazarları Fəxri və Şəhidlər xiyabanını ziyarət ediblər
Bakı, 11 iyul, Aynur İsmayılova, AZƏRTAC
Dünya Gənc Türk Yazarlar Birliyinin Azərbaycan Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə həyata keçirdiyi “Türk dünyası gənc yazarlarının əsərlərindən ibarət almanaxın nəşri və Bakı toplantısının keçirilməsi” adlı beş aylıq layihə çərçivəsində iyulun 11-də paytaxtımızda tədbirlərə start verilib.
AZƏRTAC xəbər verir ki, tədbir iştirakçıları əvvəlcə Fəxri xiyabana gələrək xalqımızın ümummilli lideri, müasir müstəqil dövlətimizin memarı və qurucusu Heydər Əliyevin xatirəsini ehtiramla yad edərək məzarı önünə gül dəstəsi qoyublar.
Görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi ehtiramla yad olunub.
Sonra Şəhidlər xiyabanına gələn iştirakçılar ölkəmizin azadlığı və suverenliyi uğrunda mübarizədə şəhid olmuş qəhrəman Vətən övladlarının xatirəsini ehtiramla yad edib, məzarları üzərinə tər çiçəklər düzüblər. İştirakçılar “Türk Şəhidliyi” abidəsini də ziyarət ediblər.
Qeyd edək ki, iyulun 13-dək keçiriləcək silsilə tədbirlərdə Türkiyə, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Başqırdıstandan, habelə Təbriz, Şəki, Gəncə və Şəmkirdən, eləcə də, Naxçıvan Muxtar Respublikasından gənc yazarlar paytaxtımızda fəaliyyət göstərən ədəbi qurumların nümayəndələri, yeni nəsil yazarları iştirak edəcək.