SİYASƏT
Türk dünyasının mədəni zənginliyini əks etdirən film layihələrinin həyata keçirilməsi vacibdir
Bişkek, 14 sentyabr, АZƏRTAC
Bişkekdə Qırğızıstan Respublikasının Joqorku Keneşinin (parlament) ev sahibliyi ilə Türkdilli Ölkələrin Parlament Assambleyasının (TürkPA) Sosial, mədəni və humanitar məsələlər komissiyasının 6-cı iclası keçirilib.
AZƏRTAC xəbər verir ki, iclas “Kino və animasiya türkdilli ölkələrdə türk mədəni irsinin bir hissəsi kimi - qanunvericilik və təcrübə mübadiləsinin aspektləri” mövzusuna həsr edilib.
Tədbirdə Azərbaycan, Qazaxıstan, Qırğızıstan və Türkiyədən olan nümayəndələr, eləcə də milli film studiyalarının, diplomatik korpus təmsilçiləri, ekspertlər iştirak ediblər.
Komissiyanın sədri, Qırğızıstan parlamentinin üzvü Sadık Şer-Niyaz görülən və görüləcək işlər haqqında ətraflı məlumat verib. Bildirib ki, komissiyanın bugünkü iclası kinematoqrafiya, o cümlədən animasiyanın inkişafı məsələlərinə həsr edilib. Biz animasiya filmləri vasitəsilə öz tariximizi, mədəniyyətimizi, ədəbiyyatımızı təbliğ etməyi qarşımıza məqsəd qoymalıyıq.
Komissiya sədrinin müavini, Azərbaycan Milli Məclisinin deputatı Sevinc Hüseynova çıxış edərək deyib: “Türkdilli ölkələrin regional inteqrasiyasında kino və animasiya türk mədəni irsinin qorunmasına yönəldilən medianın əsas hissəsi hesab edilir. Hər bir TürkPA ölkəsində milli kinematoqrafiyanın dəstəyi üçün dövlət siyasəti var. Türk dünyasının mədəni zənginliyini əks etdirən film layihələrinin həyata keçirilməsi və TürkPA-ya üzv olan ölkələrin tamaşaçılarının mədəni və sosial inteqrasiyasına töhfə vermək üçün şərait yaratmaq vacibdir”.
S.Hüseynova bildirib ki, animasiya filmləri uşaqların davranışına böyük təsir göstərir, onların intellektual və emosional inkişafında mühüm rol oynayır. Bütün böyüklərin uşaq vaxtlarında sevimli cizgi filmləri və qəhrəmanları olub və biz cizgi filmləri vasitəsilə türkdilli ölkələrin tarixini və digər məlumatları uşaqlara çatdıra bilərək.
Üzv ölkələrin parlamentariləri Türkdilli ölkələrdə kinematoqrafiya və animasiya, informasiya məkanı, eləcə də mövzu ilə əlaqədar milli siyasət məsələlərinə toxunub, bu sahədə milli və çoxtərəfli qanunvericiliyə dair bir sıra təkliflər irəli sürüblər. Eyni zamanda, parlamentarilər komissiyanın gələcək fəaliyyətinə dair iş planını müzakirə edib, kino və animasiya sahəsində qanunvericilik fəaliyyətinə dair tövsiyələr veriblər.
Hesabat məruzəsi və tövsiyə qərarı TürkPA-nın bu ilin noyabrında Türkiyədə keçiriləcək 8-ci plenar iclasına təqdim olunmaq üçün təsdiq edilib.
Qulu Kəngərli
AZƏRTAC-ın xüsusi müxbiri
Bişkek