REGİONLAR


Türk iş adamları Sumqayıt Texnologiyalar Parkında olublar

Sumqayıt, 11 iyul, Ətrabə Rzayeva, AZƏRTAC

İyulun 11–də Türkiyənin İzmir şəhərindən olan 30-dan çox iş adamı Cənubi Qafqazın ən iri sənaye kompleksi – “Sumqayıt Texnologiyalar Parkı” MMC-də (STP) olublar. Qonaqların parkı ziyarəti Türkiyənin “Çərkəzköy Ticarət və Sənaye Palatası”nın təşkilatçılığı, İqtisadiyyat Nazirliyinin və Türkiyənin ölkəmizdəki səfirliyinin vasitəçiliyi ilə reallaşıb.

AZƏRTAC xəbər verir ki, türk iş adamlarının ziyarətinin məqsədi STP-nin zavodları ilə tanış olmaq, imkanlarını öyrənmək və mümkün əməkdaşlıqları dəyərləndirməkdən ibarət olub.

Əvvəlcə STP ilə bağlı təqdimat keçirilib, qonaqlara park haqqında geniş və müfəssəl məlumat verilib, video materiallar təqdim olunub.

Bildirilib ki, 2017-ci ildən Sumqayıt Kimya Sənaye Parkının rezidenti kimi qeydiyyata alınan nəhəng kompleksdə 12 zavod, 30-dan çox istehsal sahəsi fəaliyyət göstərir. İstehsal prosesində istifadə olunan xammallar beynəlxalq standartlara tam cavab verir. Texnoparkın bütün zavodları Avropa istehsalı olan laboratoriyalarla təmin edilib və AZS ISO/IEC 17025-2009 standartlarına uyğun akkreditə olunub. İstehsal olunmuş bütün məhsulların müvafiq sertifikatları var. STP-də ISO 9001, ISO 14001 və OHSAS 18001 beynəlxalq standartları da tətbiq edilir.

Mütəxəssislərin verdiyi məlumata görə, bu müəssisələrdə Avropa, Yaponiya və Çin texnologiyası əsasında müxtəlif təyinatlı sənaye məhsulları elektrik avadanlıqları, kabel, polimer məhsulları, qaldırıcı kranlar, sendviç panellər, metal konstruksiya, ağır maşınqayırma üzrə məhsullar, havalandırma sistemləri, ödəniş terminalları, PVC qapı və pəncərə, günəş kollektorları və sair istehsal olunur.

Qeyd edilib ki, regionda texnoparkların yaradılmasında pioner olmaqla, müxtəlif istehsalat sahələri üzrə ixtisaslaşmış nəhəng zavodlar kompleksi olan STP daxili bazarın tələbatını tam ödəməklə yanaşı, həm də xarici bazara kifayət qədər məhsullar ixrac etmək qabiliyyətinə malikdir. İstehsal olunan məhsullar Azərbaycanın bir çox iri layihələrinin inşasında istifadə olunub. Misal kimi, “Baku Crystal Hall”, Bakı Olimpiya Stadionu, BP-nin “Şahdəniz” layihəsi, “Zenit Arena”da yeni bayraq meydanı və sair obyektlərin adları çəkilib.

Təqdimat sonrası “Çərkəzköy Ticarət və Sənaye Palatası”nın idarə heyətinin sədrinin təmsilçisi Ayhan Arslana və STP-nin beynəlxalq satışlar üzrə meneceri Elçin Əmirxanzadəyə xatirə hədiyyələri təqdim edilib.

Qonaqlar avtobuslarla STP-nin bir neçə müəssisəsinə səfər ediblər. Onlar istehsal prosesini əyani şəkildə izləmək imkanı əldə ediblər. Türk iş adamları Avropada və Yaponiyada istehsal olunmuş ən yeni texnoloji avadanlıqlarla təchiz olunmuş istehsalatları gəzib, onları maraqlandıran suallar cavablandırılıb.

Türk iş adamları STP –dən xoş təəssüratlarla ayrılıblar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.