ELM VƏ TƏHSİL
“Türk marafonu 2021” məqalə müsabiqəsinin qalibləri mükafatlandırılıb
Bakı, 9 oktyabr, AZƏRTAC
“Azərbaycan vikimediaçıları” istifadəçi qrupu tərəfindən vikipediyaçıların növbəti görüşü təşkil olunub. Görüşdə “Vikibahar 2021” və “Türk marafonu 2021” məqalə müsabiqələrinin qaliblərinə mükafatlar verilib. Həmçinin Azərbaycan dilindəki “Vikipediya” ilə bağlı mövcud problemlər və perespektivlər müzakirə olunub. Mükafatlar “Vikimedia” fondu, “Azərbaycan Vikimediaçıları” istifadəçi qrupu və türkdilli vikimediaçılar istifadəçi qrupu tərəfindən təqdim olunub.
Bu barədə AZƏRTAC-a “Vikipediya”nın Azərbaycan dili bölməsinin idarəçisi Eldar Əzimov məlumat verib. O bildirib ki, “Vikipediya” dünyanın ən zəngin onlayn ensiklopediyası sayılır. İnsanlar müxtəlif sahələrdə məlumat əldə etmək üçün tez-tez “Vikipediya”ya müraciət edirlər. Ona görə də hər birimiz doğma dilimizdəki “Vikipediya”nın zənginləşdirilməsi, inkişafı və qorunması yolunda çalışmalıyıq. Bu cür müsabiqələrin və vikigörüşlərin faydalı olduğunu nəzərə alaraq gələcəkdə də təşkil edilməsi nəzərdə tutulur.
Qeyd edək ki, “Vikibahar 2021” və “Türk marafonu 2021” məqalə müsabiqələrinin Azərbaycan dili bölməsindəki təşkilatçıları doğma dilimizdə “Vikipediya” idarəçiləri Eldar Əzimov və Elgün Atalıyevdir.