ELM VƏ TƏHSİL
Türk-müsəlman soyqırımı çağdaş tədqiqatlarda
Bakı, 19 aprel, AZƏRTAC
Azərbaycan Universitetində “Türk-müsəlman soyqırımı çağdaş tədqiqatlarda” mövzusunda dördüncü beynəlxalq elmi-praktik konfrans keçirilib.
Tədbir Azərbaycanın Dövlət himninin səsləndirilməsi ilə başlanıb, soyqırımı qurbanlarının xatirəsi birdəqiqəlik sükutla yad edilib.
Universitetdən AZƏRTAC-a bildirilib ki, bu ali məktəbin rektoru Səadət Əliyeva konfransın əhəmiyyətini vurğulayıb, tədbirin işinə uğurlar arzulayıb.
Vurğulanıb ki, elmi-praktik konfrans ümummilli lider Heydər Əliyevin anadan olmasının 94-cü və hakimiyyətə qayıdışının 24-cü ildönümünə həsr olunub. Konfransın tərəfdaşları Azərbaycan Universiteti, Azərbaycan Respublikasının Prezidenti yanında Bilik fondu, Nəsimi rayon İcra Hakimiyyəti, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi, Türkiyənin Anadolu Universiteti və “SƏS” Media Qrupudur.
Milli Məclisin deputatı Aydın Mirzəzadə konfransın ənənəyə çevrilməsinin təqdirəlayiq olduğunu bildirib.
Daha sonra azərbaycanlı alim və tədqiqatçılar professor Anar İsgəndərovun “1918-ci il mart soyqrımının müasir dövrdə tədqiqi”, professor Firdovsiyyə Əhmədovanın “1915-ci il aprel həqiqətləri” mövzusunda məruzələri dinlənilib.
Suxumi Dövlət Universitetinin müəllimi, Qafqazın Geotarixi və Geosiyasi Araşdırmaları Mərkəzinin prezidenti, tanınmış alim, tarix elmləri doktoru, professor Quram Marxuliya rus dilində çap olunmuş “Erməni ifrat millətçiliyinin fəlsəfəsi” kitabı haqqında məlumat verib. Gürcüstanlı alim kitabda bu problemin geniş təqdim olunduğunu diqqətə çatdırıb.
Konfrans işini bölmələrdə davam etdirib.
Türkiyə, Qazaxıstan, Gürcüstan və Rusiyadan tədqiqatçı və alimlərin iştirak etdikləri konfransda insanlığa qarşı törədilən cinayətlərin ən dəhşətlisi olan soyqırımlarının hərtərəfli tədqiqinin əhəmiyyəti vurğulanıb, Ümummilli lider Heydər Əliyev tərəfindən bu məsələnin diqqət mərkəzində saxlanılması və martın 31-nin Azərbaycanlıların Soyqırımı Günü elan edilməsi mühüm hadisə adlandırılıb.