REGİONLAR


Türk səyyahlar Zəngilanın Ağalı kəndinə səfər ediblər VİDEO

Zəngilan, 31 oktyabr, Aydın Yavərzadə, AZƏRTAC

Türkiyə Səyyahlar Klubunun beynəlxalq səyahətçilərinin işğaldan azad edilmiş ərazilərə səfəri davam edir. 30 nəfərlik heyətə Türkiyə Səyyahlar Klubunun prezidenti, Nomadmaniyanın qlobal reytinqinə görə, dünyanın 50 əsas beynəlxalq səyahətçisindən biri hesab olunan Salman Arınc rəhbərlik edir.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Şuşa-Ağdam-Kəlbəcər-Laçın-Zəngilan-Cəbrayıl marşrutu üzrə hərəkət edən səyyahlar oktyabrın 31-də Zəngilanda olublar. Ağalı kəndinə gələn səyyahları Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Zəngilan rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin əməkdaşı qarşılayıb. Səyyahlara Zəngilan rayonu barədə məlumat verilib. Bildirilib ki, digər rayonlar kimi, Zəngilan da uzun illər düşmən işğalında qalıb, şəhər mərkəzi ilə bərabər 5 qəsəbə və 79 kənd tamamilə yerlə-yeksan edilib. Rayon əhalisi öz doğma yurdundan didərgin düşərək məcburi köçkün olub. Yaşayış yerləri, tarixi mədəni və dini abidələr dağıdılıb.

Həmçinin erməni işğalı zamanı Zəngilan ekoloji terrora məruz qalaraq flora və faunası da məhv edilib. Yaşı 300 ildən çox olan palıd, çinar ağacları, hektarlarla qoz ağaclarıvə digər yaşıllıqlar məhv olunub.

Bildirilib ki, 2020-ci il sentyabrın 27-də düşmənin növbəti təxribatına qarşı başlayan Azərbaycan Ordusunun əks hücumu nəticəsində Zəngilan erməni işğalından azad edilərək əsl sahiblərinin nəzarətinə keçib. 27 il düşmən əsarətində qalan Zəngilan artıq iki ildir çiçəklənməyə başlayıb. Bu günə kimi Ağalı kəndinə 66 ailə olmaqla, 326 sakin qayıdıb. Kənddə 200 evin inşası başa çatdırılıb, uşaq bağçası, məktəb və bir neçə inzibati bina inşa edilib. Həmçinin kənddə daha 150 evin, o cümlədən ikimərtəbəli, üçmərtəbəli mənzil tipli evlərin tikilməsi də planlaşdırılır.

Qeyd edilib ki, Ağalı kəndində əhalinin sosial rifahının yaxşılaşdırılması üçün məşğulluq məsələləri, sakinlərin işlə təmin edilməsi dövlət qurumlarının xüsusi nəzarəti altındadır. Həmçinin bildirilib ki, Zəngilanda mədəni irsin qorunması və gələcək nəsillərə ötürülməsi üçün Heydər Əliyev Fondunun maliyyə dəstəyi ilə köhnə Zəngilan şəhər məscidinin əsaslı şəkildə təmiri həyata keçirilir, yaxınlığında isə şəhərin ümumi insan sayını nəzərə alaraq, yeni daha böyük bir məscidin tikintisinə başlanılıb, İşğal, Zəfər muzeyləri komplekslərinin, yaşayış məhəlləsinin təməli qoyulub. Zəngilan ərazisindən keçən Horadiz-Ağbənd dəmir yolu, Əhmədbəyli-Horadiz-Mincivan-Ağbənd avtomobil yolunun tikintisi sürətlə davam etdirilir. Zəngilanı beynəlxalq nəqliyyat-logistika mərkəzinə çevirmək üçün 2021-ci ilin aprel ayından tikintisinə başlanılan Zəngilan Beynəlxalq Hava Limanının isə Türkiyə və Azərbaycan prezidentləri tərəfindən açılışı olub.

Səyyahların diqqətinə çatdırılıb ki, Zəngilanın yenidən qurulmasında ilk vacib məsələ işğal illərində zərər vurulmuş ekosistemin bərpasıdır. Zəngilanın Bəsitçay hövzəsi boyunca yerləşən təbii çinar meşəsi Avropanın ən böyük, dünyanın isə ikinci ən böyük çinar meşəsidir. Lakin Ermənistan silahlı qüvvələrinin Azərbaycana qarşı işğalçı siyasəti nəticəsində çinar meşələrinə də ekosid həyata keçirilib. İşğaldan azad edilən Zəngilan rayonu ərazisində zərər vurulmuş ekosistemin bərpası üçün 20 min çinar ağacı və 1000 kiloqrama yaxın palıd toxumu əkilib. Təbii potensialının olmasını nəzərə alaraq, Zəngilan rayonunda həm dayanıqlı kənd təsərrüfatının, həm də turizm sahəsinin, xüsusilə ekoturizm və kənd turizminin inkişafına təkan verə biləcək sahələrin inkişafı da nəzərdə tutulub. İstər kənd təsərrüfatının inkişafı, istərsə də turizm potensialının istifadəsi burada əhalinin məşğulluğuna müsbət təsir edəcək.

Daha sonra səyyahlar kənddə yaradılan infrastrukturla tanış olub, kənd sakinləri ilə görüşüb, söhbət ediblər.

Qeyd edək ki, səfər işğaldan azad edilmiş ərazilərin “black tourism” çərçivəsində tanıdılmasında mühüm əhəmiyyət daşıyır. Ötən bir ildə dünyanın 4 əsas beynəlxalq səyahətçilər şəbəkəsinin (ETIC, MTP, TCC, Nomadmaniya) hər birinin rəhbərləri və tanınmış üzvləri səviyyəsində Qarabağ və Şərqi Zəngəzura ümumilikdə 4 dəfə böyük heyətlərlə səfər edilib. Bu səfərlərdə 30-a yaxın ölkədən təxminən 200 beynəlxalq səyahətçi azad edilmiş ərazilərdəki vəhşiliklərlə, dağıntılarla, böyük bərpa və quruculuq işləri ilə yerində tanış olub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.