CƏMİYYƏT
Türkan qəsəbə sakinlərinə məxsus torpaq sahələrinin qanunsuz satılması ilə bağlı cinayət işi başlanıb
Bakı, 15 sentyabr, AZƏRTAC
Bəzi kütləvi informasiya vasitələrində və sosial media səhifələrində Türkan qəsəbə sakinləri Xumara Şabanovaya və Əzizəxanım Atayevaya aid torpaq sahələrinin saxta sənədlər hazırlanmaqla ələ keçirilməsi barədə informasiyalar yayılıb.
Baş Prokurorluğun mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Daşqın Nəsirov tərəfindən Əzizəxanım Atayeva ilə Xumara Şabanova sağ olduqları halda onların ölməsi barədə ölüm haqqında şəhadətnamələri və Xəzər Rayon İcra Hakimiyyəti başçısının Türkan qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin arayışının saxtalaşdırılaraq onlara məxsus torpaq sahələrinin qanunsuz satılması barədə müraciətlər əsasında Xəzər rayon prokurorluğunda araşdırma aparılıb.
Araşdırmalarla 2019-cu ilin iyun-iyul ayları ərzində Türkan qəsəbəsi sakini, fərdi şəkildə torpaq alqı-satqısı ilə məşğul olan Daşqın Nəsirovun Bakı şəhəri Xəzər Rayon İcra Hakimiyyəti başçısının Türkan qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin arayışını, Əzizəxanım Atayeva və Xumara Şabanovanın sağ olduqları halda onların ölməsi barədə ölüm haqqında şəhadətnamələrini saxtalaşdıraraq, həmin saxta sənədlərdən istifadə edib onlara vərəsəlik üzrə məxsus olan Türkan qəsəbəsində yerləşən torpaq sahələrini iyulun 13-də digər şəxsə ümumilikdə 44 min manata satmasına əsaslı şübhələr müəyyənləşdirilib.
Fakt üzrə Xəzər Rayon Prokurorluğu tərəfindən Cinayət Məcəlləsinin 320.2-ci (hüquq verən və ya vəzifədən azad edən vəsiqə və ya digər saxta sənədlərdən istifadə etmə) maddəsi ilə cinayət işi başlanaraq istintaq aparılmasından ötrü aidiyyəti üzrə Xəzər Rayon Polis İdarəsinin istintaq şöbəsinə göndərilib.
Hazırda cinayət işi üzrə təqsirli şəxslərin tam dairəsinin müəyyənləşdirilərək məsuliyyətə cəlb olunmaları istiqamətində zəruri istintaq tədbirləri davam etdirilir.