REGİONLAR


Türkay Qasımzadə: “Nəqşi-cahan” adlandırılan Naxçıvan yüksək turizm potensialına malikdir

Naxçıvan, 26 iyun, Rauf Kəngərli, AZƏRTAC

Bəzən bütün dünyanı gəzib dolansaq da, cahanın “qəlbinin” öz yurdumuzda “döyündüyündən” tamam xəbərsiz oluruq. Bu günlərdə “Nuh diyarı – Naxçıvan” infoturu çərçivəsində muxtar respublikaya səfərimizdə bu həqiqəti bir daha dərk etdim və düşündüm ki, həqiqətən də Naxçıvan nəqşi-cahandır, cahanın nəqşidir.

Bu sözləri Azərbaycan Mədəni İrsin Qorunması və Turizmə Dəstək Assosiasiyasının sədri, “Queen Mary University of London”da iqtisadi araşdırmaçı Türkay Qasımzadə AZƏRTAC-ın Naxçıvan bürosuna müsahibəsində deyib.

Səfərin ilk dəqiqələrindən Naxçıvanın özünəməxsus ruhunu duyduğunu bildirən T.Qasımzadə deyib: “Şəhərə daxil olar-olmaz Naxçıvan sanki memarların vətəni olmasından söhbət açır, keçmişdən bu günə uzanan tarixi yolunu nümayiş etdirməklə dünənini unutmayan bir sabahın pıçıltısını eşitdirir. Azərbaycan milli memarlığının möhtəşəm abidəsi olan Möminə xatın türbəsi - Şərqin memarlıq incilərindən ən dəyərlisi, Qərbin qotika üslubunun təsirləndiyi bir orijinallığın kölgəsində işıldayan yeraltı hamamlar, saray, türbələr, məscidlər, əvəzsiz tikililərin salındığı və qorunub saxlandığı bir yadigar şəhər qonaqlarını bambaşqa ab-havada bənzərsiz tərzdə qarşılayır. Həndəsi ornamentlərin bəzədiyi qırmızı kərpicli tikililərin səmavi rənglərə boyanmış iftixarlı duruşu şəhərin vüqarlılığını nümayiş etdirir. Sanki məkanın iqlimindəki kəskinlik də insanların xarakterindəki qətiyyətlilikdən, səmimi mehribançılığın döyündüyü ürəklərdəki istilikdən aydın hiss olunur. Hər kəsin qızmar adlandırdığı torpaqlarda coşqun ürəklərin geniş qapıları taybatay üzünüzə açılanda haradan gəlməyinizdən asılı olmayaraq buranı doğma yurd kimi görəcəyinizdən şübhəniz olmasın. Burada hər kəs bir-birinə qonşu, dostdur, qonaq da qohum kimi qarşılanır. Burada hər işin keyfiyyətində mükəmməllik, uzaqgörənlik və nöqsansızlıq prinsipi dayanır”.

Türkay Qasımzadə qeyd edib ki, muxtar respublikanın rayonlarını ziyarət edəndə sanki qısa bir zamanda dünyanın “Şərq qapısı”ndan girib qərb pəncərəsindən ətrafa boylanır, başqa diyarlara bənzəməyən fərqli ruhunu duya bilirsən. Ordubad rayonunun mərkəzindəki tarixi küçələr insana Çin Xalq Respublikasının Pekin şəhərindəki qədimi dar “Hutong” küçələrini anımsadır. Vaxtilə Monqol hökmdarları tərəfindən salınmış bu küçələr tarixi abidələr kimi qorunaraq Pekin şəhərinin dəyişilməmiş simasını qonaqlara əks etdirən bəlkə də ən mükəmməl tikililərdir. Ordubad şəhərinin köhnəliyin zənginliyindən bozarmış tikililəri bütün dünyanın sıxlıqla ziyarət etdiyi Pekinin “Hutong” küçələrini öz diyarımızda yaşatmaqdadır. Digər yandan “Şah bazarı” adlandırılan Qeysəriyyə abidəsi həm memarlıq quruluşu, həm də təqdim etdiyi Ordubad sənətinin tarixi nümunələri baxımından təkrarsız bir ləl-cəvahiratdır. Naxçıvan şəhərindən şimala, Şahbuz rayonunun dəniz səviyyəsindən 2200 metr hündürlüyünə qalxsanız Batabat gölünün ətrafındakı rəngarəng dağ landşaftı sizi sanki qərbə - Alp dağlarının qoynundakı təbiətə qonaq aparacaq. Batabat gölünün ətrafında çiçəkləyən yabanı bitkilər Avstriya dağlarının hündürlüklərində Haslachda kök salan təkrarsız təbiətin incilərini öz yurdumuzda ayaqlarımızın altında naxışlı bir cənnət xalısı kimi sərməkdədir. Hərçənd dünyanın heç bir guşəsində Batabat gölündəki “Üzən ada”ya, şirin suyun şəffaflığına və sözün əsl mənasında buz kimi soyuqluğun verdiyi fərahlığa rast gəlməmişdim. Elə bil dağların qoynundan axan bulaqların soyuqluğu ətrafı qarın paklığı ilə bürüyərkən yay fəslində qışın sərin mehi əsir, ruhumuzu ətrafın sükutu oxşayır. Doğrusu, isti yay günlərində Naxçıvan sizi üşüdüb donduracaq qədər təkrarsız bir təbiətə sahibdir.

Azərbaycan Mədəni İrsin Qorunması və Turizmə Dəstək Assosiasiyasının sədri qeyd edib ki, dünyada çox nadir rast gəlinən Duzdağ Fizioterapiya Mərkəzinə daxil olan kimi, nəfəs yollarındakı ağırlığın yüngülləşməsi aydın hiss edilir. Keçmişə qayıdıb mağaralarda yataq salan ziyarətçilər elə bil ana təbiətin qoynunda öz cövhərlərinin axtarışına yollanırlar. Möcüzələrə inananların növbəti dayanacağı isə Əshabi-Kəhf ziyarətgahıdır. Əslində, bu məkana addımınızı atmamış nəhəng daş parçalarının əzəməti artıq sizi möcüzəli və sehrli bir hissə salır. İordaniyanın 4 min il əvvəl inşa edilmiş Petra şəhərinə zahiri oxşarlığı səbəbindən qırmızı-çəhrayi nəhəng qayaların və mağaraların yerləşdiyi müqəddəs Əshabi-Kəhf ziyarətgahı bizi Naxçıvandan uzaqlara - Ərəbistan yarımadasındakı səhralara aparır. Doğrusu, xarici oxşarlıqla yanaşı Petra şəhərini Nəbatilərin inşa etməsi faktını nəzərə alsaq və bu xalqın Nuh peyğəmbərlə bağlılığını göz önündə tutsaq, həqiqətən bütün dünyaya açılan qapının məhz Naxçıvanda yerləşdiyini iddia edə bilərik. Demək ki, Naxçıvanı “Nuh diyarı” adlandırmağı bir rəvayət deyil, artıq isbatını tapmış gerçəklik kimi görməyin zamanıdır.

“Doğma yurdumuzun uzaq diyarlara bənzərliyi və eyni zamanda, özünəməxsusluğunu qoruyub saxlaması dövrümüzdə nadir tapılan bir ahəngi bütün varlığımıza yaşadır. Odur ki, Şərqin qədim memarlığının günümüzdə yaşadığı, Qərbin təbiət nəfəsinin duyulduğu, İslamın müqəddəsliyinin qorunduğu bu əvəzsiz torpaqların həqiqi dəyərini bilməli, onun keçmişini bu gün olduğu kimi qorumalı, bütün dünyada lazımınca tanıdılmalıdır. Gündən-günə müasirləşən, ancaq həm də maddiləşən dünyanı yeniliklərin təəccübləndirmədiyi gerçəkliyini qəbul edib keçmişimizin şah mülkü Naxçıvanın naxışlarını - bir-birindən dəyərli milli mədəni və mənəvi irs nümunələrinə sahib çıxmalı və beynəlxalq miqyasda təqdimatını doğru və dolğun şəkildə yerinə yetirməliyik. Bu diyarı yalnız qonşu ölkələr yaxınlığına görə deyil, uzaq şəhərlərin sakinləri də yaşatdığı dəyərlərə görə ziyarət etməlidir. Məhz bu səbəbdən, ölkə xaricində Naxçıvanın tanıtımı məqsədilə layihələr, yeni turizm marşrutları, həmçinin yerli sakinlər arasında maarifləndirici tədbirlərin planlı şəkildə hazırlanmasına ehtiyac duyulur. Memar və rəssamların vətəni Naxçıvanda fəaliyyət göstərən milli-mənəvi irs daşıyıcıları olan sənətkarların təbliğini və təşviqini irəli sürmək məqsədilə yeni layihələr hazırlana bilər. Həmçinin beynəlxalq turizm sərgilərində Naxçıvanın fərqli prizmadan nümayiş etdirilməsi də mümkündür. Bu məqsədlə Azərbaycan Mədəni İrsin Qorunması və Turizmə Dəstək Assosiasiyası ilə Naxçıvan Muxtar Respublikasının Turizm Departamenti arasında əməkdaşlıq əlaqələri artıq qurulub və əməkdaşlığın genişləndirilməsi üçün birgə layihələrin həyata keçirilməsi planlaşdırılmaqdadır.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.