İQTİSADİYYAT


Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının Bakıdakı Zirvə Görüşü çərçivəsində biznes forumun təşkili təklif edilib

Bakı, 10 may, AZƏRTAC

Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (TDƏŞ) baş katibi Bağdad Amreev ölkəmizə səfəri çərçivəsində Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının (ASK) qonağı olub.

ASK-dan AZƏRTAC-a bildirilib ki, görüş zamanı ASK-nın prezidenti Məmməd Musayev qonağa ölkəmizdə həyata keçirilən effektiv iqtisadi islahatlar, konfederasiyanın fəaliyyəti, ölkəmizdə yaranmış münbit iqtisadi mühit barədə məlumat verib.

B.Amreev öz növbəsində ASK-nın 20 illiyi münasibətilə bütün əməkdaşları təbrik edib. O, cari il oktyabrın 15-də Bakıda Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının 7-ci Zirvə Görüşünün keçirilməsi barədə söz açaraq qeyd olunan mötəbər tədbirə hazırlıq işləri barədə məlumat verib. Görüş zamanı Bakıda planlaşdırılan Zirvə Görüşü çərçivəsində Şuraya üzv olan ölkələrin və maraq göstərən dövlətlərin iş adamlarının iştirakı ilə müvafiq beynəlxalq biznes forumun keçirilməsi təklif olunub.

TDƏŞ-in baş katibi Türkdilli Dövlətlərin Ticarət və Sənaye Palatasının təsis edilməsi ilə bağlı ASK-nın prezidenti M.Musayevi mayın 17-də Qazaxıstanın paytaxtı Nur-Sultanda keçirilməsi planlaşdırılan imzalanma mərasimində iştiraka dəvət edib.

O, ötən il sentyabrın 3-də Çolpon Ata şəhərində keçirilmiş Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının 6-cı Zirvə Görüşündə Dövlət Başçıları Şurasının iclası zamanı Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən irəli sürülmüş Əməkdaşlıq Şurasının İnvestisiya Fondunun yaradılması barədə təklifin böyük müsbət əks-səda doğurduğunu bildirib. B.Amreev hazırda qeyd olunan fondun nizamnamə kapitalının formalaşma ərəfəsində olduğunu, hətta bu fonda üzv ölkələrdən Türkiyə, Azərbaycan, Qazaxıstan ilə yanaşı qurumun müşahidəçi üzvü Macarıstan, habelə beynəlxalq maliyyə institutları, o cümlədən İslam İnkişaf Bankı tərəfindən də töhfə verilməsi məqsədilə maraq göstərildiyini söyləyib.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.