Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ XRONİKA

Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının videokonfrans formatında qeyri-formal Zirvə görüşü keçirilib
Azərbaycan Prezidenti İlham Əliyev Zirvə görüşündə çıxış edib YENİLƏNİB-2 VİDEO

Bakı, 31 mart, AZƏRTAC

Martın 31-də Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının videokonfrans formatında qeyri-formal Zirvə görüşü keçirilib.

AZƏRTAC xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Zirvə görüşündə çıxış edib.

Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayev onlayn Zirvə görüşünü açaraq iştirakçıları salamladı, təşkilatın əsas məqsədinin türk dünyasını ən vacib iqtisadi, mədəni məkanlardan birinə çevirmək olduğunu dedi. Qazaxıstan dövlətinin başçısı Türküstan şəhərinin türk dünyasının mənəvi paytaxtlarından biri olduğunu bildirdi.

Sonra Qazaxıstanın qədim Türküstan şəhərinin tarixindən, mədəniyyətindən və Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının fəaliyyətindən bəhs edən qısa film nümayiş etdirildi.

Qazaxıstanın birinci Prezidenti- Elbası, Türk Şurasının fəxri sədri Nursultan Nazarbayev çıxışında Azərbaycan Prezidentini Qələbə münasibətilə təbrik edərək dedi:

- Bu gün mən həm də Azərbaycan Respublikasının Prezidenti İlham Heydər oğlu Əliyevi təbrik edirəm. Xüsusilə qeyd etmək istəyirəm ki, ərazi bütövlüyünün bərpa edilməsi məsələsində Türkiyə önəmli rol oynamışdır.

Nursultan Nazarbayev 2019-cu ildə Bakıda keçirilən VII Zirvə görüşündə Türk Şurasının fəxri sədri seçildiyini və bundan böyük şərəf duyduğunu bildirdi. Nursultan Nazarbayev budəfəki Zirvə toplantısının keçirilməsinin səbəblərindən biri kimi dünyada baş verən dəyişiklikləri, xüsusilə pandemiya ilə mübarizəni qeyd edərək “Türk dünyasının gələcəyi - 2040” adlı sənədin hazırlanmasını təklif etdi. O, Türküstan şəhərinin yüksək səviyyəli tədbirlərə ev sahibliyi etməyə hazır olduğunu bildirdi. Qazaxıstanın ilk Prezidenti iqtisadi əlaqələrin əhəmiyyətinə toxunaraq dedi:

-Biz hamımız bu prosesləri həyəcanla izləyir və nəticələri gözləyirdik. Əlbəttə ki, Azərbaycanın öz ərazi bütövlüyünü bərpa etməsi və Rusiyanın dəstəyi ilə Bakı və Yerevan arasında imzalanmış sülh razılaşması böyük İpək Yolunun çiçəklənməsi üçün yeni imkanlara yol açır və Çinin “Bir kəmər, bir yol” təşəbbüsündən istifadə etməklə Xəzər dənizinin rolunu artırır.

Prezident Kasım-Jomart Tokayev: Növbəti çıxış üçün söz Türk Şurasının hazırkı sədri, Azərbaycan Respublikasının Prezidenti İlham Heydər oğlu Əliyevə verilir.

Dövlətimizin başçısı Zirvə görüşündə çıxış etdi.

Prezident İlham Əliyevin
çıxışı

-Hörmətli Qazaxıstan Respublikasının Prezidenti.

Hörmətli həmkarlar.

İlk növbədə, Zirvə görüşünün keçirilməsi ilə bağlı irəli sürdüyü təşəbbüsə görə Nursultan Abışoviç Nazarbayevə təşəkkürümü bildirmək istəyirəm. Nursultan Abışoviç Nazarbayev Türk Şurasının fəxri sədri kimi çox fəal iş aparır və bu Sammitin keçirilməsi bunun bariz təsdiqidir.

Bugünkü Zirvə görüşü 2019-cu ilin oktyabrında Bakıda keçirilmiş Zirvə görüşündən sonra ikinci Zirvə görüşüdür. Bir il əvvəl, keçən ilin aprel ayında Bakıda Azərbaycanın təşəbbüsü ilə COVID-19-a həsr edilmiş Zirvə görüşü keçirilmişdir və bu, özlüyündə bir göstəricidir. Göstərir ki, Zirvə görüşləri müntəzəm olaraq keçirilir və əlbəttə ki, üzv ölkələr arasındakı birliyə bunun çox böyük müsbət təsiri vardır.

Bu ilin sonunda Azərbaycan Türk Şurasındakı sədrliyini qardaş Türkiyəyə təhvil verəcək. Türkiyədə keçiriləcək rəsmi Zirvə görüşündə Azərbaycanın sədrliyi dövründə gördüyü işlərlə bağlı məlumat veriləcəkdir.

Bu gün isə fürsətdən istifadə edərək, II Qarabağ müharibəsi haqqında məlumat vermək istərdim. Bildiyiniz kimi, 30 ilə yaxın müddət ərzində Ermənistan Azərbaycanın beynəlxalq birlik tərəfindən tanınan ərazilərini işğal altında saxlayırdı. Bu işğal nəticəsində torpaqlarımızın təxminən 20 faizi Ermənistan tərəfindən zəbt edilmişdir, bir milyondan çox azərbaycanlı öz doğma torpağından didərgin salınmışdır, qaçqın-köçkün vəziyyətinə salınmışdır. Xalqımıza qarşı etnik təmizləmə siyasəti aparılmışdır. Ermənistan Azərbaycana qarşı soyqırımı törətmişdir. 1992-ci ildə törədilən Xocalı soyqırımı nəticəsində 600-dən çox günahsız, dinc insan vəhşicəsinə öldürülmüşdür. Onların arasında 106 qadın, 63 uşaq vəhşicəsinə qətlə yetirilmişdir.

Beynəlxalq təşkilatlar Azərbaycanın mövqeyini daim dəstəkləyiblər. Ancaq bu dəstəyin praktiki həyatda o qədər də böyük əhəmiyyəti yox idi. Çünki məsələ öz həllini tapmırdı. BMT Təhlükəsizlik Şurası – dünyanın ali beynəlxalq qurumu 4 qətnamə qəbul etmişdir. Bu qətnamələrdə erməni silahlı qüvvələrinin işğal edilmiş torpaqlardan dərhal, tam və qeyd-şərtsiz çıxarılması tələb edilirdi. Bu qətnamələr 1993-cü ildə qəbul edilmişdir və icrasız qalmışdı. Digər beynəlxalq təşkilatların qərar-qətnamələri Azərbaycanın mövqeyini dəstəkləyirdi və bunun çox böyük siyasi və hüquqi mənası var idi. Halbuki real, praktiki müstəvidə məsələnin həllinə xidmət etmirdi. ATƏT, Qoşulmama Hərəkatı, İslam Əməkdaşlıq Təşkilatı, Avropa Parlamenti, Avropa Şurası Parlament Assambleyası və digər təşkilatlar Azərbaycanın haqlı mövqeyini müdafiə etmişdir.

Məsələnin həlli ilə bağlı 1992-ci ildə ATƏT-in Minsk qrupu yaradılmışdır və 28 il ərzində fəaliyyət göstərsə də, nəticə olmamışdır. Minsk qrupunun nəticəsi sıfra bərabər olmuşdur. Halbuki Minsk qrupuna həmsədrlik edən ölkələr dünyanın aparıcı ölkələridir, nüvə dövlətləridir, BMT Təhlükəsizlik Şurasının daimi üzvləridir. Əlbəttə ki, Ermənistana qarşı işğalla bağlı ciddi təzyiq göstərilsəydi və Azərbaycanın tələbi nəzərə alınıb sanksiyalar tətbiq edilsəydi, məsələ çoxdan sülh yolu ilə öz həllini tapa bilərdi.

Əfsuslar olsun ki, bu, baş vermədi. Əksinə, məsələnin dondurulması istiqamətində addımlar atılmışdır. Ermənistan faktiki olaraq danışıqlardan imtina etmişdir. Əgər əvvəlki illərdə danışıqların imitasiyası ilə məşğul idisə, son iki-üç il ərzində faktiki olaraq açıq, nümayişkaranə şəkildə bildirirdi ki, bir qarış da Azərbaycan torpağı Azərbaycana qaytarılmayacaq. Bundan əlavə, Ermənistan rəhbərinin məsuliyyətsiz və təxribat xarakterli addımları və bəyanatları faktiki olaraq danışıqları mənasız etmişdi. Ermənistan rəhbəri iki il bundan əvvəl bildirmişdi ki, “Qarabağ Ermənistandır və nöqtə”. Təbii ki, bizim buna cavabımız oldu və ən ciddi cavab döyüş meydanında verildi. Ancaq bu, özlüyündə göstərir ki, Ermənistan rəhbərliyi məsələni həll etmiş hesab edirdi və torpaqları geri qaytarmaq istəmirdi. Ondan başqa, Ermənistanın keçmiş müdafiə naziri, hansı ki, hərbi məğlubiyyətdən sonra vəzifədən azad edildi, Azərbaycanı yeni müharibə ilə hədələyirdi. Amerikada olarkən erməni diaspor təşkilatları ilə görüş əsnasında bəyan etmişdi ki, Ermənistan yeni torpaqlar uğrunda yeni müharibəyə hazırlaşır. Bu, faktiki olaraq, Azərbaycana qarşı çox ciddi, təxribat xarakterli bir addım idi. Bizi hədələyən keçmiş müdafiə naziri hərbi məğlubiyyətə görə vəzifədən uzaqlaşdırıldı.

Digər təxribat xarakterli addımlardan biri də qədim Azərbaycan şəhəri, bizim mədəni paytaxtımız olan Şuşada qanunsuz xunta rejiminin, keçmiş Dağlıq Qarabağ rejiminin başçısının andiçmə mərasiminin keçirilməsi idi. Bu, Azərbaycan xalqına qarşı təhqir idi. Qondarma “Dağlıq Qarabağ respublikası”nın qondarma parlamentinin Şuşa şəhərinə köçürülməsi və parlament üçün binanın inşa edilməsi də, - bu bina indi məhv ediləcək, yaxud söküləcək, - təxribat xarakterli addım idi. Yəni, bütün bu addımlar göstərirdi ki, Ermənistan bizi təxribata çəkir, bizdən sərt reaksiya gözləyir və ondan sonra günahı bizim üstümüzə yıxıb, yenə də məsələni daha 30 il uzatmaq istəyir. Biz təxribata uymadıq. Biz özümüzü təmkinli apardıq, beynəlxalq hüququn bütün norma və prinsiplərinə uyğun şəkildə apardıq və belə olan halda Ermənistan keçən ilin yayında bizə qarşı hərbi təxribat törətdi. Ermənistan-Azərbaycan dövlət sərhədində bizim mövqelərimiz atəş altına düşdü. Ermənistan hərbi birləşmələri bizim sərhədimizi keçməyə cəhd göstərdi, bir neçə hərbçimiz həlak oldu. Biz onlara layiqli cavab verdik və onları geri oturtduq. Ancaq biz Ermənistan-Azərbaycan dövlət sərhədini keçmədik. Bir neçə gün davam edən hərbi toqquşma dayandı. Çünki bizim Ermənistan ərazisində müharibə aparmaq niyyətimiz yox idi. Halbuki istəsəydik rahatlıqla Ermənistan ərazisinə daxil ola bilərdik. Ondan bir ay keçəndən sonra – avqust ayında yeni bir təxribat törədildi və Azərbaycana diversiya qrupu göndərildi. Diversiya qrupunun rəhbəri saxlanıldı və ifadə verdi ki, o, terror aktları keçirmək üçün Azərbaycana göndərilmişdir və bu, növbəti təxribat idi. Nəhayət sentyabrın sonlarında bizim hərbi mövqelərimiz və yaşayış məntəqələrimiz artilleriya atəşinə məruz qalmışdır və bunun nəticəsində bir neçə hərbçi və bir neçə mülki şəxs həlak olmuşdur. Biz təbii olaraq buna adekvat cavab verərək, əks-hücum əməliyyatı keçirib düşməni layiqincə cəzalandırdıq və 44 gün davam edən II Qarabağ müharibəsi Azərbaycanın tam qələbəsi ilə nəticələndi. Azərbaycan öz ərazi bütövlüyünü bərpa etdi, müharibə dövründə 300-dən çox şəhər və kənd döyüş meydanında azad edildi. Bizim tarixi şəhərimiz Şuşa noyabrın 8-də işğalçılardan azad edildi və Ermənistan məcbur olub kapitulyasiya aktına imza atdı.

Noyabrın 9-dan 10-na keçən gecə Azərbaycan və Rusiya prezidentləri, Ermənistanın baş naziri Bəyanat imzalayıblar. Bu Bəyanat əsasında bizim digər rayonlarımız artıq siyasi yollarla Azərbaycana qaytarıldı. Beləliklə, məsələ hərbi-siyasi yollarla həll olundu. Artıq tam əminliklə demək olar ki, Dağlıq Qarabağ məsələsi, Dağlıq Qarabağ münaqişəsi öz həllini tapmışdır. Dağlıq Qarabağ adında hazırda hər hansı bir ərazi vahidi yoxdur. Azərbaycan bu məsələni həll edib, tarixi Zəfər əldə edib və dağıdılmış ərazilərdə bərpa işləri başlayıb.

Biz müharibənin ilk günündən qardaş Türkiyədən böyük dəstək aldıq. Mənim əziz qardaşım, Cümhurbaşqanı Rəcəb Tayyib Ərdoğan sentyabrın 27-də müharibə başlanan gün açıq şəkildə Azərbaycana dəstək ifadə etdi. Bu siyasi və mənəvi dəstəyin çox böyük əhəmiyyəti var idi. Əziz qardaşım bildirmişdi ki, Azərbaycan yalnız deyil, Türkiyə Azərbaycanın yanındadır. Əlbəttə ki, bu, çox ciddi mesaj idi, ciddi siqnal idi. Bu, bizə imkan verdi ki, əks-hücum əməliyyatını uğurla keçirək, imkan verdi ki, hər hansı bir kənar qüvvə məsələyə müdaxilə etməsin. Mən həmişə demişdim ki, əgər xarici müdaxilə olmasa, Azərbaycan Dağlıq Qarabağ məsələsini qısa müddət ərzində həll edə bilər və belə də oldu. Bu dəstəyə görə qardaş Türkiyəyə və onun hörmətli Cümhurbaşqanı Rəcəb Tayyib Ərdoğana dərin təşəkkürümü bildirmək istəyirəm. Müharibə dövründə və müxtəlif dövrlərdə Prezident Ərdoğanın və Türkiyənin digər rəsmi şəxslərinin çoxsaylı bəyanatları məsələnin həllində xüsusi önəmli rol oynamışdır. Məni və Azərbaycan xalqını Şuşanın azad olunması ilə əlaqədar ilk təbrik edən Prezident Rəcəb Tayyib Ərdoğan olmuşdur. Noyabrın 8-də bu təbriki bizə çatdırmışdır. Türk Şurası sentyabrın 28-də - müharibədən bir gün sonra Azərbaycana dəstək xarakterli açıqlama vermişdir. Ondan sonra müharibə dövründə bir neçə dəfə buna oxşar açıqlamalar vermişdir. Türk Şurasına biz təşəkkürümüzü bildiririk. Digər beynəlxalq təşkilatlar – Qoşulmama Hərəkatı, İslam Əməkdaşlıq Təşkilatı bizə öz siyasi dəstəyini göstərmişlər.

Azad edilmiş torpaqlarda hər şey dağıdılıb. İndi jurnalistlər oraya gəlir, diplomatlar səfərlər edirlər. Görürlər ki, şəhərlər dağıdılıb, evlər dağıdılıb, kəndlər dağıdılıb, tarixi abidələrimiz dağıdılıb. Ağdamı xarici və yerli jurnalistlər Qafqazın Xirosiması adlandırıblar. Füzuli şəhəri işğaldan azad olunandan sonra bu şəhərdə bir salamat bina qalmamışdı ki, o binanın damında Azərbaycan bayrağı qaldırılsın. Ermənilər bütün şəhərlərimizi məhv ediblər, bütün tarixi abidələrimizi məhv ediblər, qəbiristanlıqları şumlayıblar, qəbirləri dağıdıblar, 60-dan çox məscidi dağıdıblar və yarımçıq sökülmüş məscidlərdə inək və donuz saxlayıblar. Bu videokadrlar internetdə vardır. Yəni, bu, bütün müsəlman aləminə qarşı təhqirdir, cinayətdir və bütün dünya artıq bunu görür və görməlidir. Biz öz tarixi missiyamızı icra etdik, erməni faşizmini məhv etdik. Hazırda bərpa işlərinə start verilib. Müharibədən sonra bir çox azərbaycanlı mülki şəxs və hərbçi minaya düşərək həlak olub və yaralanıb. Ermənistan bu günə qədər bizə mina xəritələrini vermir. Bu, növbəti hərbi cinayətdir. Ona görə minalardan təmizləmə işi daha çox vaxt aparacaq. Bu işlər başa çatmadan, əlbəttə ki, biz köçkün, qaçqın soydaşlarımızı o torpaqlara qaytara bilmərik.

Müharibə başa çatdı, münaqişə tarixdə qaldı. Yeni imkanlar yarandı. Onların arasında hesab edirəm ki, ən vacib imkan nəqliyyat imkanlarıdır. Bu gün biz artıq Zəngəzur dəhlizi üzərində çox fəal çalışırıq. Naxçıvanda keçirilmiş Zirvə görüşündə mən demişdim ki, vaxtilə Zəngəzuru Azərbaycandan alıb Ermənistana birləşdirmək türk dünyasının coğrafi parçalanması idi. Çünki əgər xəritəyə baxsaq görərik ki, sanki bizim bədənimizə xəncər saplanmışdır, türk dünyası parçalanmışdır. Qədim Azərbaycan torpağı olan Zəngəzur indi türk dünyasının birləşməsi rolunu oynayacaq. Çünki Zəngəzurdan keçən nəqliyyat, kommunikasiya, infrastruktur layihələri bütün türk dünyasını birləşdirəcək, eyni zamanda, digər ölkələr üçün əlavə imkanlar yaradacaq, o cümlədən Ermənistan üçün. Ermənistanın hazırda onun müttəfiqi olan Rusiya ilə dəmir yolu əlaqəsi yoxdur. Bu dəmir yolu əlaqəsi Azərbaycan ərazisindən yarana bilər. Ermənistanın onun qonşusu olan İranla dəmir yolu əlaqəsi yoxdur. Naxçıvan vasitəsilə bu dəmir yolu təmin edilə bilər. Azərbaycan Naxçıvan Muxtar Respublikası vasitəsilə Türkiyə ilə birləşir, Orta Asiya Avropa ilə birləşir. Yəni, yeni nəqliyyat dəhlizi yaranmaqdadır. Artıq Azərbaycan bu işlərə start vermişdir. Əminəm ki, tərəfdaş ölkələr də bu imkanlardan istifadə edəcəklər.

Mən öz çıxışımı yekunlaşdırmaq istəyirəm. Yenə də demək istəyirəm ki, mən öz çıxışımı bu məsələyə həsr etdim. Bu, təbiidir. Çünki dost ölkələrin rəhbərləri məsələnin mahiyyətini dərindən bilməlidirlər. Ümid edirəm ki, növbəti canlı təmaslar əsnasında biz bu məsələni daha geniş formatda müzakirə edəcəyik. Əminəm ki, Türkiyədə keçiriləcək Zirvə görüşündə biz hamımız canlı olaraq iştirak edəcəyik. Biz sədr kimi orada həm görülmüş işlərlə bağlı məlumat verəcəyik, həm də ki, gələcək planlar haqqında danışacağıq. Diqqətinizə görə təşəkkür edirəm.

X X X

Prezident Kasım-Jomart Tokayev: Hörmətli İlham Heydər oğlu, məlumatlı və mənalı nitqiniz üçün təşəkkür edirik. Azərbaycan və Ermənistan arasında razılaşma çox vacib amil rolunu oynayır, biz onun uğuruna inanırıq və biz Sizi bir daha təbrik edirik.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının fəaliyyətinin əhəmiyyətini vurğuladı, pandemiyaya qarşı birgə mübarizənin vacibliyindən danışdı. Türkiyə Prezidenti ölkələrimizin müstəqilliyi, ərazi bütövlüyü və suverenliyi ilə bağlı məsələlərdə də təşkilatın həmrəylik nümayiş etdirdiyini bildirərək dedi:

- Bu münasibətlə əziz qardaşım, hörmətli İlham Əliyev başda olmaqla bütün azərbaycanlı qardaşlarımı Dağlıq Qarabağdakı Zəfərləri ilə bağlı şəxsən öz adımdan və xalqım adından bir daha təbrik edirəm. Qırx dörd gün davam edən, dastana bənzər mübarizədən sonra 30 illik işğal sona çatıb, Dağlıq Qarabağ Ana Vətənlə yenidən qovuşub. Ancaq deməliyəm ki, Qarabağ bölgəsindəki 67 məsciddən 63-ü dağıdılıb, həmçinin kilsələr də yerlə-yeksan edilib.

Həmçinin bu gün 1918-ci ildə azərbaycanlı qardaşlarımızın məruz qaldıqları soyqırımın anıldığı gündür. Biz Xocalı qətliamını heç vaxt unuda bilmərik. Biz bu qətliamın növbəti ildönümünü bir müddət əvvəl qeyd etdik. Mən qətlə yetirilən 10 minlərlə qardaşımıza rəhmət diləyirəm.

Qarabağdakı türk irsinin bərpası və qorunması üçün bütün imkanlarımızla Azərbaycanın yanında olmağa davam etməyimiz hamımız üçün əhəmiyyət daşıyır. Eyni qaydada bu addımı atarkən tezliklə Azərbaycanın bu bölgəsini inkişaf etdirmək üçün bütün məcburi köçkün qardaşlarımızın yenidən doğma torpaqlarına qayıtmalarına önəm verirəm. Arzum odur ki, ən qısa zamanda - Ramazan bayramından sonra qardaşımla birgə Şuşanı ziyarət edək, inşallah, burada yeni bir bayram yaşayaq.

Özbəkistan Prezidenti Şavkat Mirziyoyev Türk Şurasının regional əməkdaşlıq üçün səmərəli mexanizmə çevrildiyini vurğuladı. O, türk dövlətlərinin istənilən çağırışlara hazır olmasının, mövcud potensialı genişləndirməsinin vacibliyindən danışdı. Şavkat Mirziyoyev Azərbaycanın qazandığı Qələbə münasibətilə təbriklərini çatdıraraq dedi:

-Fürsətdən istifadə edərək bir daha Azərbaycan Respublikasının Prezidenti İlham Heydər oğlu Əliyevi və Azərbaycan xalqını Dağlıq Qarabağın qaytarılması və tarixi ədalətin bərpası münasibətilə təbrik etmək istəyirəm. Özbəkistan bu prosesə töhfə vermək üçün hazırdır. Biz qədim abidələrin, məscidlərin, mədəni maarifləndirmə məkanlarının bərpası haqqında danışmışıq. Biz hazırda bu istiqamətdə fəaliyyətimizi azərbaycanlı həmkarlarımızla davam etdiririk.

Türk Şurasının Baş katibi Bağdad Amreyev türk dünyasının digər ölkələrlə sabit əlaqələr qurduğunu, 10-dan çox ölkənin təşkilatda müşahidəçi statusu əldə etməkdə maraqlı olduğunu bildirdi. B.Amreyev pandemiyanın Türk Şurası daxilində əməkdaşlığa yeni stimul verdiyini vurğuladı, İstanbulda keçiriləcək sammitlə bağlı bir sıra təkliflər səsləndirdi. Türk Şurasının Baş katibi də Azərbaycanı parlaq Qələbəsi münasibətilə təbrik edərək dedi:

-Bütün çağırışlara və çətinliklərə baxmayaraq, 2020-ci ilin gündəliyi zəngin olub. Ötən il türk dünyası üçün həqiqətən də məhsuldar və hətta Zəfər ili olub. Türk dünyası önəmli uğurlarına, ən başlıcası Azərbaycan ərazilərinin işğaldan azad olunmasına, Azərbaycanın suverenliyinin və ərazi bütövlüyünün bərpa edilməsinə görə daha da güclənib. Dağlıq Qarabağdakı müharibə zamanı Türk Şurası bütün üzv dövlətləri və Zati-aliləriniz adından Azərbaycanı bütün vasitələrlə dəstəkləyib. İcazə verin, təşkilatın fəaliyyətdə olan sədri kimi Zati-aliləri, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə çoxşaxəli əməkdaşlığın inkişafında göstərdiyi səylərinə görə təşəkkürümü bildirim.

Qırğızıstan Prezidenti Sadır Japarov, Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədov, Macarıstanın Baş naziri Viktor Orban da Zirvə görüşündə çıxış ediblər.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

VİDEO

Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının videokonfrans formatında qeyri-formal Zirvə görüşü keçirilib  Azərbaycan Prezidenti İlham Əliyev Zirvə görüşündə çıxış edib YENİLƏNİB-2 VİDEO

Rus evində “Bakı. Sevgi. Bahar.” festivalı keçirilir

Azərbaycan parabadmintonçusu beynəlxalq turnirdə yarımfinala yüksəlib

İlin ilk üç ayında ARDNF-in aktivləri 2,3 faiz artıb

“G7-nin açıq-aşkar ayrı-seçkiliyə yol verməsi insan hüquqlarına ziddir” – BƏYANAT

Ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə keçirilən buraxılış imtahanının nəticələri açıqlanıb

Venesiya Biennalesində Azərbaycan pavilyonunun açılışı olub VİDEO

Tanınmış şair, tərcüməçi Sabir Almazovun xatirəsi anılıb

Energetika naziri: Bu il Azərbaycanda daha 5 günəş-külək stansiyasının inşasına başlanacaq

Bakıda bədii gimnastika üzrə Dünya Kubokunun açılış mərasimi olub

Dövlət Agentliyinin İdarə Heyətinin sədri Daşkəsən və Göygöl rayon sakinlərinin müraciətlərini dinləyib

Güclü külək Ağstafada bir sıra fəsadlar törədib VİDEO

Azərbaycan və Qazaxıstan Xəzər dənizinin dibi ilə fiber-optik rabitə xəttinin çəkilməsini müzakirə edib

Xalq rəssamı Aydın Rəcəbovun 80 illik yubileyinə həsr olunmuş “Bir ömrün naxışları” sərgisi açılıb

Premyer Liqa: “Sumqayıt” Tovuzda vacib üç xalı qazanıb

Milli Məclisdə 14 məsələ müzakirə olunub, müvafiq qərarlar verilib YENİLƏNİB

Çin mütəxəssisləri Türkmənbaşı limanının imkanları ilə tanış olublar

Gürcüstan və AİB arasında əməkdaşlığın perspektivləri müzakirə edilib

Ceyhun Bayramov Əlcəzair səfirini bölgədəki cari vəziyyət barədə məlumatlandırıb

® “Bakcell”in baş icraçı direktoru Xankəndidə jurnalistlərlə görüşüb

Azərbaycanda icra edilən ürək əməliyyatı barədə məqalə ABŞ-ın nüfuzlu jurnalında dərc olunub

Hərbi liseyin 53 illik yubileyinə həsr olunmuş təntənəli mərasim keçirilib VİDEO

Gürcüstanda yaşayan azərbaycanlılar dövlət proqramları və xidmətlər barədə məlumatlandırılıb

İqtisadiyyat nazirinin müavini Naxçıvanda vətəndaşların müraciətini dinləyib

ADSEA sədri Zaqatalada vətəndaşlarla görüşüb

Bakıda keçiriləcək beynəlxalq elmi konfransın iştirakçıları Qarabağa səfər ediblər

Əqli Mülkiyyət Agentliyində ixtiraçılıq və patent analitikası mövzusunda təlim keçirilib

® “Azercell”in dəstəyi ilə tələbələr arasında “Techcell” hakatonu keçiriləcək

Tbilisidə mitinqlər zamanı beş polis əməkdaşı yaralanıb

“Azərbaycan Hava Yolları” Avropa Beynəlxalq Hava Limanları Şurasına üzv olub

AzTU əməkdaşları beynəlxalq konfransda çıxış ediblər

® “Global Finance” “Kapital Bank”ı “Süni intellektin rəqəmsal transformasiyada ən yaxşı istifadəsi” mükafatına layiq görüb

İranın Parisdəki konsulluğuna girən şübhəli şəxs saxlanılıb

Azərbaycan-İtaliya çoxölçülü strateji tərəfdaşlıq münasibətləri müzakirə edilib

Aqrar Sığorta Fondunun İdarə Heyətinin sədri Göyçayda vətəndaşların müraciətlərini dinləyəcək

® Mərkəzi Gömrük Hospitalında “Abbott” şirkətinin nümayəndələri ilə onlayn görüş keçirilib

ADPU-da “Heydər Əliyev dərsləri” davam edir

EMTA ETRA ilə birgə Bakıda beynəlxalq seminar təşkil edib

Naxçıvanda “Sağlam həyat tərzi etibarlı gələcəyin təminatıdır” mövzusunda tədbir təşkil edilib

Kənd Təsərrüfatı Nazirliyi 2024-cü il üçün doktorantura və dissertanturaya qəbul elan edir

Qazaxıstanda yaşayan Qərbi azərbaycanlılar tarixi vətəni görmək arzusunu dilə gətiriblər

Gürcüstanın müdafiə naziri ABŞ generalı ilə görüşüb

Azərbaycan ilə Yaponiya arasında turizm əlaqələrinin perspektivləri müzakirə olunub

“Güclü cəmiyyətin zərif simaları” layihəsinə start verilib

ADPU ilə Rusiya İnformasiya və Mədəniyyət Mərkəzi əməkdaşlıq məsələlərini müzakirə edib

FHN-nin qurumları arasında stolüstü tennis üzrə çempionata yekun vurulub

“60 çiçək - bir çələng” almanaxının təqdimatı olub

Sahibkarlarla görüşdə quşçuluğun inkişaf perspektivləri müzakirə olunub

“Məhəmməd Füzuli və Şərq folkloru” - elmi konfrans

Türkiyə və İranın xarici işlər nazirləri regiondakı son vəziyyəti müzakirə ediblər

Fransanın səfirini geri çağırması Brüssel görüşündəki gizli razılaşmada nəzərdə tutulanların reallaşdırılmasına xidmət edir - RƏY

“World Weather Attribution”: Qərbi Afrikanı görünməmiş istilər bürüyüb

İsveçrədə “tarakanabənzər dron” hazırlanıb

® “PAŞA Holding”in təşkilatçılığı ilə növbəti “INMerge İnnovasiya Sammiti”ndə yutubun həmtəsisçisi çıxış edəcək

İranın Parisdəki konsulluğu polisdən müdaxilə tələb edib

Nyu-Yorkda azərbaycanlı gənclərlə şəbəkələşmə görüşü baş tutub

Xuliqanlıq niyyəti ilə qəsdən adam öldürməkdə təqsirləndirilən şəxs barəsində cinayət işi məhkəməyə göndərilib

Ürək xəstəliklərinə qalib gəlməyin təbii yolları

“Sabahın alimləri” XIII respublika müsabiqəsinin bağlanış mərasimi keçirilib

Konfrans Liqası: Türkiyəli futbolçunun vurduğu qol ən yaxşı seçilib

“Gənc istedadlar” liseyinin şagirdləri “Sabahın alimləri” XIII Respublika müsabiqəsinin qalibləri sırasında

Sumqayıtda “Heydər Əliyev irsi” kitabının təqdimatı keçirilib

“Qarabağ atları”, “Böyük alma”, “Əjdaha”... – AĞ ŞƏHƏRDƏN FOTOREPORTAJ

Rəsədxanada ustad dərsi: Günəş sisteminin kiçik göy cisimləri, kometalar

“DOST EVİ”nə ilk benefisiarların qəbulu aparılıb

DİM: 20 dövlət orqanında mövcud olan 43 vakant vəzifə daxili müsahibəyə çıxarılıb

Ödənişi gecikdirilmiş 35 min manatdan çox vəsaitin işçilərə ödənilməsi təmin edilib

BDU-da çiçəkəkmə aksiyası

Elm və təhsil naziri Samuxda vətəndaşları qəbul edib

Bu il DİN və prokurorluq üzrə qeydə alınan 8 min 930 cinayətin 85 faizi açılıb

CFCM: Fransada islamofobiya halları son dərəcə artıb

Ombudsman fərdi qaydada vətəndaşların müraciətlərini dinləyib

Gəncədə regional müşavirə: Meşə və meşəətrafı ərazilərdə yanğın təhlükəsizliyi

Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyasının və Ermənistan Respublikası ilə Azərbaycan Respublikası arasında dövlət sərhədinin delimitasiyası və sərhəd təhlükəsizliyi Komissiyasının 8-ci görüşünün yekunlarına dair mətbuat açıqlaması VİDEO

Bu il Ağgöl Milli Parkında 78 minə yaxın ornitofauna nümunəsi qeydə alınıb

Faktiki hava: Xınalığa dolu düşüb

Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 15 iyul tarixli 305 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Miqrasiya orqanlarına qulluğa qəbul olunmaq üçün namizədlərlə müsabiqə və müsahibənin keçirilməsi qaydaları haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Qazax, Ağstafa və Tovuz sakinlərinin uşaq hüquqları ilə bağlı müraciətlərinə baxılıb

Lavrov: Rusiya Ukrayna ilə bağlı danışıqlara hazırdır, lakin danışıqlar müddətində hərbi əməliyyatlara ara verməyəcək

“Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2023-cü il 9 iyun tarixli 900-VIKQD nömrəli Konstitusiya Qanununun icrası ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Sergey Lavrov: Avropa İttifaqının Ermənistandakı müşahidə missiyası NATO-nun missiyasına çevrilir

Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 29 dekabr tarixli 907 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Təhsildə Keyfiyyət Təminatı Agentliyinin Nizamnaməsi”ndə dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

“Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2024-cü il 29 mart tarixli 1114-VIQD nömrəli Qanununun tətbiqi və “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında” Azərbaycan Respublikası Qanununun və həmin Qanunla təsdiq edilmiş Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 25 avqust tarixli 387 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Professor Kamran İmanov beynəlxalq konfransda çıxış edib

Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsində dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikasının Qanunu

Türkiyə Prezidenti gündəmdəki məsələlərlə bağlı açıqlama verib

Dubay aeroportu təyyarələrin qəbulunu 48 saatlıq məhdudlaşdırıb

Təsisçi Bakı Fransız Liseyi Təhsil Kompleksinin ləğv olunmasının səbəbini açıqlayıb

DİM sədri: Qəbul imtahanlarında tətbiq olunacaq yeniliklər azı iki il əvvəl elan edilir

Əməyin təhlükəsizliyi və gigiyenası sahəsində Türkiyə ilə təcrübə mübadiləsi aparılır

Keşlədə kustar üsullarla kütləvi saxta məhsullar hazırlayan sex aşkar edilib

Fransalı gimnast: Bakı çox ecazkar və müasir şəhərdir

Arzu Babayeva: Ağgöl Milli Parkında ceyran populyasiyası müsbət dinamika ilə inkişaf edir

Beynəlxalq Ədalət Məhkəməsində Azərbaycanın qaldırdığı etirazlarla bağlı ictimai dinləmələr başa çatıb

Laləli çəmənlik görmək istəyənlər, Ağgöl Milli Parkına tələsin

ETX-nin məktəblərdə kibertəhlükəsizlik mövzusunda maarifləndirilmə layihəsi davam edir

“AzInTelecom” BMT-nin Qlobal Sazişinə qoşulub

Paytaxtda saxta alkoqollu içkilərin satışa çıxarılmasının qarşısı alınıb

Azərbaycan gimnastı: Karyeramda ən böyük dəstəkçim anamdır

Azərbaycan ilə Türkiyə muzeyləri arasında əməkdaşlıq imkanları müzakirə olunub

NASA ən maraqlı kosmik missiyanı təsdiqləyib