İQTİSADİYYAT
“Türkdilli Dövlətlərin Banklar Assosiasiyaları Şurası” yaradılıb

Bakı, 5 noyabr, AZƏRTAC
İstanbul şəhərində “Türkdilli Dövlətlərin Banklar Assosiasiyaları Şurası” yaradılıb. Şuranın yaradılması ilə əlaqədar Anlaşma Memorandumuna Azərbaycan Banklar Assosiasiyası, Qazaxıstan Banklar Assosiasiyası, Qırğızıstan Banklar İttifaqı, Özbəkistan Banklar Assosiasiyası, Türkiyə Banklar Birliyi imza atıblar. Tədbirdə qonaq qismində Gürcüstan Banklar Assosiasiyası, Macarıstan Banklar Assosiasiyası və Şimali Kipr Banklar Assosiasiyası iştirak ediblər.
Azərbaycan Banklar Assosiasiyasından AZƏRTAC-a bildirilib ki, Şuranın əsas fəaliyyət istiqamətlərinə üzv ölkələr arasında məhsul və xidmətlərin, kapitalın hərəkətinin mütəşəkkil maliyyə-bank xidmətləri ilə müşayiətinin genişləndirilməsi, türkdilli dövlətlərin maliyyə qurumları arasında birbaşa müxbir münasibətlərin yaradılması, maliyyə xidməti infrastrukturunun müasir informasiya texnologiyaları və beynəlxalq standartlar əsasında təkmilləşdirilməsi daxildir. Bundan başqa, üzvlərin maliyyə-bank qanunvericiliklərinin, o cümlədən normativ sənədlərinin təhlili və onların beynəlxalq standartlara uyğunluğu məsələləri sahəsində birgə əməkdaşlıq, çirkli pulların yuyulması və terrorizmin maliyyələşdirilməsi ilə bağlı sahədə əməkdaşlıq layihələrinin realizasiyası da Şuranın fəaliyyət istiqamətlərindəndir.
Şura toplantılarının ildə bir və ya iki dəfə olmaqla, növbəlilik prinsipi əsasında Şuraya üzv ölkənin ev sahibliyi ilə keçirilməsi və bu toplantılar çərçivəsində müxtəlif tədbirlərin təşkili nəzərdə tutulur.