İQTİSADİYYAT


Türkdilli dövlətlərin gömrük sahəsində əlaqələri yüksək səviyyədədir

Bakı, 5 oktyabr, AZƏRTAC

Oktyabrın 5-də Dövlət Gömrük Komitəsinin (DGK) sədri, gömrük xidməti general-leytenantı Səfər Mehdiyev Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının baş katibi Bağdad Amreyevin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

DGK-nın mətbuat və ictimaiyyətlə əlaqələr idarəsindən AZƏRTAC-a bildiriblər ki, Səfər Mehdiyev görüşdə Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının gömrük xidməti rəhbərlərinin ötən il Türkiyə Respublikasında keçirilən toplantısında mühüm qərarlar qəbul olunduğunu, bugünkü görüşün də gələcək əməkdaşlığa töhfə verəcəyini qeyd edib. Komitə sədri qardaş ölkələrin üzv olduğu təşkilat çərçivəsində həm ikitərəfli, həm də beynəlxalq səviyyədə faydalı əməkdaşlıq əlaqələrinin qurulduğunu, vahid mövqe nümayiş etdirildiyini diqqətə çatdırıb.

Görüşdə o da vurğulanıb ki, bütün sahələrdə olduğu kimi, gömrük sahəsində əlaqələr yüksək səviyyədədir və üzv dövlətlər arasında məlumat mübadiləsinin həyata keçirilməsi, müxtəlif sahələr üzrə saziş və protokolların imzalanması, məlumatların qabaqcadan ötürülməsi ilə bağlı pilot layihənin reallaşdırılması bunun bariz nümunəsidir.

Səfər Mehdiyev türkdilli dövlətlərin başçıları tərəfindən gömrük sahəsində əməkdaşlığın daha da gücləndirilməsi ilə bağlı konkret tapşırıqların verildiyini, bundan irəli gələn vəzifələrin icrası məqsədilə vahid logistika sisteminin formalaşdırılması üçün sənədin hazırlanmasının və həyata keçirilməsinin vacibliyini vurğulayıb.

Komitə sədri Azərbaycan Gömrük Xidməti ilə bir sıra region ölkələri arasında elektron məlumat mübadiləsinin həyata keçirildiyini, təşkilatın bütün üzvləri arasında da elektron məlumat mübadiləsinin tətbiq olunmasının ticarətin və gömrük nəzarətinin asanlaşdırılmasına, idxal-ixrac əməliyyatlarının sürətləndirilməsinə şərait yaradacağını bildirib.

Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının baş katibi Bağdad Amreyev təmsil etdiyi qurumun son zirvə toplantısında liderlərin iqtisadi əlaqələrin, nəqliyyat və logistika sahəsində əməkdaşlığın gücləndirilməsi ilə bağlı vahid mövqe nümayiş etdirdiklərini və bu istiqamətdə mühüm addımlar atıldığını diqqətə çatdırıb. Sammitdən sonra Türkiyə və Qazaxıstanda məhsuldar görüşlər keçirdiyini bildirən baş katib hazırkı görüşün və oktyabrda Qırğızıstandakı təmasların da əməkdaşlığın gücləndirilməsində mühüm rol oynayacağından bəhs edib.

Sonra qarşılıqlı maraq doğuran bir sıra məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.