DÜNYA
Türkdilli ölkələr arasında diplomatik münasibətlərin yaradılmasının yubileyi qeyd olunub
İstanbul, 15 iyul, АZƏRTAC
Türkdilli ölkələr arasında diplomatik münasibətlərin yaradılmasının 25 illiyi və Beynəlxalq Türk Mədəniyyəti Təşkilatının (TÜRKSOY) təsis edilməsinin ildönümü münasibətilə Ankara Hippodromunda təşkil edilən tədbir türk dünyasının tanınmış rəssamlarının əsərlərindən ibarət sərgi ilə tanışlıqdan başlayıb. Sərgidə TÜRKSOY-un müxtəlif illərdə təşkil etdiyi türk dünyası rəssamlarının ənənəvi görüşləri zamanı seçilən ən uğurlu əsərlər nümayiş olunub.
Tədbir iştirakçıları TÜRKSOY Gənclik Orkestrinin çıxışını da böyük maraqla dinləyiblər. Orkestr azərbaycanlı dirijor Mustafa Mehmandarovun rəhbərliyi ilə korifey bəstəkarlarımız Fikrət Əmirov və Qara Qarayev, eləcə də digər türk xalqları və dünya klassiklərinin məşhur əsərlərini səsləndirib.
Daha sonra at yarışı keçirilib. Yarış tədbir iştirakçıları tərəfindən böyük həyəcanla izlənilib. Məlumat verilib ki, at yarışını təşkil etməkdə məqsəd türkdilli ölkələr arasında diplomatik münasibətlərin yaradılmasının 25-ci ildönümünə maraqlı bir töhfə vermək olub.
Sonda TÜRKSOY-un baş katibi Düsen Kaseinov yarışın qalibinə kuboku təqdim edib.
Sabir Şahtaxtı
AZƏRTAC-ın xüsusi müxbiri
İstanbul